Xəzər Xəbər

ABŞ-ın sabiq müdafiə nazirindən şok sözlər: “Ərdoğanı yaxşı tanıyıram...”

Dünya | 14:39 • 10 Yanvar 2019
ABŞ-ın sabiq müdafiə nazirindən şok sözlər: “Ərdoğanı yaxşı tanıyıram...”

Suriya ABŞ xarici siyasətinin ən böyük siyasi xətasıdır.

Bunu ABŞ-ın sabiq müdafiə naziri Çak Hegel deyib.

Sabiq müdafiə naziri ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Suriya mövzusunda son fikirlərini də şərh edib: "Bolton bizim Suriyadan çıxmağımız üçün Türkiyənin etməsi gözlənilən məsələlərdən danışıb. Biz "filan ölkə bu şeyləri etməlidir” deyərkən çox diqqətli davranmalıyıq. Bu, qürur məsələsi və ya xarici siyasətin digər aspektlərinə təsir göstərə biləcək amildir”.

Sabiq nazir 2012-ci ildə Suriyada vəziyyəti dəyişmək üçün fürsət yarandığını xatırladaraq əlavə edib ki, ABŞ hakimiyyəti zamanında ciddi iş görə bilsəydi Rusiya və İran indi Əsədin qələbəsini nail olmazdı: "O zaman komandanlardan biri mənə onlarla birlikdə döyüşəcək insanları Suriyadan götürüb İordaniyaya apararaq 6 həftə və ya 6 ay təlim keçdikdən sonra yenidən Suriyaya qaytarmasının ABŞ maraqlarına uyğun gəlmədiyini və bunu anlamadığını dedi.

Fikrimcə, Suriya məsələsi Obama administrasiyasının ən böyük xarici siyasət xətası idi”.

Suriya rejimini vurmaq məsələsindən danışan Hegel deyib ki, bu məsələni aylarla davam edən toplantılarda müzakirə edib, sonda bir qərara gəliblər: "Prezident də Suriya rejimini vurmaq haqda əmr vermişdi, amma sonra geri çəkildi”.

2015-ci ildə öz postundan istefa verməsinin bir səbəbinin də Suriya mövzusu olduğunu xatırladan sabiq nazir deyib ki, Suriya mövzusunda qəti siyasətin olmadığı üçün Obama administrasiyasını tənqid edib: "NATO və Yaxın Şərqdəki müttəfiqlərimiz "Suriya siyasətiniz necədir?”, "Nə etməyə çalışırsınız?” deyə mənə suallar verirdi. Bizimsə qətiyyətli Suriya siyasətimiz yox idi. Suriyaya münasibətimizin təməlində ciddi səhv dayanırdı”.

ABŞ Prezidenti Donald Trampın ordunu Suriyadan çıxarmaq qərarını şərh edən general deyib ki, Trampın da xarici siyasəti və onun mümkün nəticələri anlaşılmazdır: "Trampın Suriyadan çıxmaq haqda qərarı, ola bilsin, milli təhlükəsizlik qrupu ilə müzakirə aparmadan verilib. Hesab edirəm ki, bu qərarı vermək üçün uyğunsuz bir zaman seçilib. Diplomatik həll üçün yollar axtarmalı, strateji hədəflərə uyğun işləməli idik.

Əsgərlərimizdən istifadə vəziyyəti düzəltməyəcək. Bunu daha əvvəl 18 il Əfqanıstanda, 15 il İraqda müharibə apararkən gördük. Müttəfiqlərimizlə və bölgədə digər qüvvələrlə birgə işləmədiyimiz müddətdə bu uğursuzluqla nəticələnir”.

Hegel Con Boltonin Türkiyədən YPG/PKK üçün təminat almadan ABŞ-ın Suriyadan çıxmayacağı fikirlərini də şərh edib: "Boltonun Türkiyədə apardığı müzakirələr ABŞ üçün aşağılayıcı idi. Ərdoğan onu aşağıladı, onunla heç müzakirə də aparmadı.

Böyük məsələlər üçün müttəfiqlərlə ortaq yol tapmaq lazımdır. Ərdoğanı 2002-ci ildən tanıyıram. O, dəfələrlə YPG-nin Türkiyə üçün təhdid olduğunu söyləyib. Siz buna inanmaya bilərsiniz, deyərsiniz ki, birinci təhdid İŞİD-dir, amma Türkiyənin qiymətləndirməsi belədir”.

Trampın dünyaya "Öncə Amerika” və NATO-ya "bizdən istifadə edirsiniz” tərzində çıxışlarını "çox tərəfli dünyada tək tərəfli olmaq” kimi qiymətləndirən və bunun təhlükəli olduğunu xatırladan Hegel ABŞ-ın qlobal dünya liderliyinin başa çatdığını söyləyib./Teleqraf.com

Xəbər lenti