Xəzər Xəbər

NATO gəmisi Ukraynaya yardıma gəldi – Qara dəniz İSİNİR

Dünya | 15:05 • 18 Dekabr 2018
NATO gəmisi Ukraynaya yardıma gəldi

Böyük Britaniya noyabrın 25-də Kerç boğazı ətrafında baş verən hadisə ilə əlaqədar "HMS Echo (H87)” gəmisini Qara dənizə göndərib.

Publika.az "Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu "BlackSeaNews” nəşrinin baş redaktoru, hərbi ekspert Andrey Klimenko feysbuk səhifəsində yazıb.

Onun məlumatlarına əsasən, Kral donanmasının gəmisi dekabrın 17-də Bosfor boğazından Qara dənizə girib.

"Bu müasir gəmi sualtı gəmilər və desant əməliyyatlarna dəstək olaraq kəşfiyyat əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub”, - ekspert izah edib.

Qeyd edilir ki, bu, Azov böhranından sonra Qara dənizə daxil olan ilk NATO hərbi gəmisidir.

Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması kimi dəyərləndirib. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.

Xəbər lenti