Xəzər Xəbər

ABŞ-da salmonella virusu təhlükəsinə qarşı tədbirlər görülür

Dünya | 13:00 • 5 Dekabr 2018
ABŞ-da salmonella virusu təhlükəsinə qarşı tədbirlər görülür

ABŞ-ın Arizona ştatında fəaliyyət göstərən "JBS Tolleson” şirkəti salmonella virusu təhlükəsi səbəbindən tədarük etdiyi mal ətinin böyük bir hissəsini geri qaytarıb. Ət məhsullarının geri çağırılması ilə bağlı şirkətin atdığı ilk addım cari ilin oktyabrında qeydə alınıb. Həmin vaxt 3 milyon kiloqrama yaxın mal əti satışdan çıxarılıb. Bu dəfə isə 5,44 milyon kiloqram mal əti salmonella virusuna yoluxması ehtimalı ilə istehsalçıya qaytarılıb.


AZƏRTAC ABŞ Kənd Təsərrüfatı Nazirliyinin qida təhlükəsizliyi və məhsullara nəzarət üzrə xidmətinin məlumatına istinadla xəbər verir ki, yararsız hesab edilən ət məhsulları bu ilin iyul və sentyabr aylarında ölkənin bir sıra ticarət şəbəkələrinin mağazalarına göndərilib. Birləşmiş Ştatların Xəstəliklərin Yayılmasına Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, noyabrın 15-dək ölkənin 25 ştatında 246 nəfər zərərli bakteriyalara yoluxub, onlardan 56-sı xəstəxanalarda müalicə olunur. Son günlər isə yeni tədarük olunan mal ətindən daha 3 nəfərin salmonella virusuna yoluxduğu aşkar edilib. Bildirilir ki, istifadəyə yararsız hesab olunan bütün məhsullar ABŞ Kənd Təsərrüfatı Nazirliyinin "EST 267” nəzarət nömrəsi daşıyıb.


Salmonella ən geniş yayılmış qida mənşəli viruslardan biridir. Bu bakteriyaların olduğu məhsullardan istifadə edənlərdə 3 gün müddətində ürəkbulanması, qızdırma və spazma halları müşahidə olunur.

Xəbər lenti