Xəzər Xəbər

Gürcüstanda dini icmalar vergidən azad oluna bilər

Dünya | 11:33 • 5 Dekabr 2018
Gürcüstanda dini icmalar vergidən azad oluna bilər

Gürcüstan parlamentində bu ölkədəki dini icmaların və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.


Parlamentdən AZƏRTAC-a bildiriblər ki, görüşdə dini məkanların, məscid, kilsə və sinaqoqların mülküyyət hüquqları, eləcə də onların və bəzi QHT-lərin vergidən azad edilmələri məsələləri müzakirə olunub.


Parlamentin hüquq komitəsinin sədri Eka Beselia ölkədə din, etiqad və vicdan azadlığının mövcudluğundan söz açıb, bütün dini icmaların qarşılıqlı hörmət əsasında birgə yaşayışını yüksək qiymətləndirib. Bildirib ki, Konustitusiya Məhkəməsinin qərarına əsasən, gürcü pravoslav kilsəsi ilə yanaşı, digər dini icmaların da mülküyyət məsələsi və müəyyən vergilərdən azad olunmaları haqqında yeni qanun layihəsi hazırlanacaq. Görüşün əsas məqsədi QHT-lərin və dini icmaların nümayəndələrinin məsələ ilə bağlı fikir və təkliflərini öyrənməkdir.


Toplantıda Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, hüquqşünaslar, Ombudsmanın parlamentdəki nümayəndəsi və dini icmaların rəhbərləri bu sahədəki problemləri müzakirə edib, rəy və təkliflərini bildiriblər.


Çıxışlar zamanı "Din haqqında” qanunun qəbulunun vacibliyi qeyd olunub.


Bildirilib ki, dinlərin bərabər hüqüqlu şəkildə fəaliyyət göstərmələri üçün müvafiq qanunun hazırlanmasına və qəbuluna ehtiyac var.


Görüşdə məscid, sinaqoq və kilsələrin tikintisinə icazə verilməsi qaydalarının sadələşdirilməsi, məktəblərdə dinin tədrisi və cəzaçəkmə müəssisələrində məhbusların ibadət hüquqlarının təmin olunması barədə də təkliflər səslənib.

Xəbər lenti