Xəzər Xəbər

Viktor Orban tənqidləri rədd edib və Sorosu günahlandırıb

Dünya | 14:39 • 4 Dekabr 2018
Viktor Orban tənqidləri rədd edib və Sorosu günahlandırıb

Macarıstanın Baş naziri Viktor Orban "Kossuth Rádió” ictimai radiosuna müsahibəsində Makedoniyanın sabiq Baş naziri Nikola Qruevskiyə sığınacaq verilməsi barədə tənqidləri rədd edib.


AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri bu qərarı tənqid edənləri "miqrasiyanı dəstəkləyən insanların və təşkilatların tam bənzəri” adlandıraraq, "bunlar yenə də milyarder Corc Sorosun strukturlarıdır” deyib.


Orban Makedoniyanın sabiq Baş naziri Qruevski barədə müsbət fikirlər söyləyib: O deyib: "Qruevski miqrasiyaya qarşı mübarizədə əsas rol oynayan ölkəyə başçılıq edib. Onun köməyi olmadan macar sərhədini müdafiə etmək daha çətin olardı. Qruevski Makedoniyada Soros şəbəkələrinə qarşı ciddi addımlar atıb. Bu səbəbdən də onlar sabiq Baş naziri təqib edirlər”.


Orban Qruevski və onun ölkəsinin daim Macarıstanın müttəfiqi olduğunu xatırladıb. "Müttəfiqlərlə münasibətdə nəzakətlilik daha vacibdir. Onlar bizə müraciət etdikləri təqdirdə diqqətli rəftara layiqdirlər”, - deyə Macarıstanın Baş naziri bildirib.


Qruevski, öz növbəsində, jurnalistlərə bildirib ki, o, ölkəsini tərk etdikdən bir həftə sonra Macarıstanda siyasi sığınacaq alıb.


"index.hu” portalı bildirir ki, alban polisinin məlumata görə Qruevski ölkədən çıxmaq üçün Macarıstanın Albaniyadakı səfirliyinin avtomobilindən istifadə edib.

Xəbər lenti