Xəzər Xəbər

Nikol Paşinyan Ermənistanda faşist rejimi yaratmaq istəyir - Eduard Şarmazanov

Dünya | 14:08 • 4 Dekabr 2018
Nikol Paşinyan Ermənistanda faşist rejimi yaratmaq istəyir -

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistan hərbi sahədə də iflasa uğrayıb. Erməni ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur.


AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi və jurnalist Vardan Arutunyan keçirdiyi mətbuat konfransında bildirib.


O qeyd edib ki, Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil. V.Arutunyanın vurğulayıb ki, ölkəsində hərbi hissələr həbsxanadan fərqlənmir. Onun sözlərinə görə, hələ 1990-cı illərdə ordu formalaşdırılmağa başlananda struktur kriminal qaydada qurulub. Hərbi sahəyə qaranlıq keçmişi olan şəxslərin gəlməsi və kök atması uzun illərdir mənfi təsirini göstərir. Digər jurnalist Yuri Manvelyan da həmkarının fikri ilə razılaşır. O deyib: "Ermənistan ordusu çiçəklənən biznes mühitini xatırladır. Gəncləri orduda xidmətə çağırırlar və Qarabağa göndərirlər. Bununla yanaşı, riyakarcasına onun bu dağlıq əraziyə könüllü getdiyini deyirlər. Guya qəfildən bu şəxsdə vətənpərvərlik hissləri oyanıb. Bu əsgərlərin valideynlərinin hər həftə Qarabağa qida məhsulları ilə qutular göndərməsi normaldır? Təbii ki, yox”.


Jurnalist həbsxanada da oxşar vəziyyətin olduğunu bildirir. Hər şeyə görə ödəniş etmək mütləqdir. Bu səbəbdən də Ermənistandakı həbsxanalarla silahlı qüvvələr arasında çoxlu oxşarlıqlar var. Hər iki sahə gəlirli biznesə çevrilib.


Ermənistanda ictimai-siyasi vəziyyət gərginlik olaraq qalır. Seçkiqabağı kampaniya zamanı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan rəqiblərini hədələməkdən çəkinmir. Parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyanda Hitlerin əlamətlərini gördüyünü açıqlayıb. Onun sözlərinə görə, bu şəxs Ermənistanı faşist Almaniyasına çevirmək istəyir. Paşinyan nifrət təbliğatı ilə məşğuldur. O, Ermənistanı 1930-cu illərin Almaniyasına bənzətməyə, özü isə Hitlerə oxşamağa çalışır. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan siyasi rəqiblərini güc strukturlarının hesabına qorxudur.


Bu arada, Ermənistanın Baş prokuroru Nikol Paşinyanın göstərişi ilə sabiq ekologiya nazirini həbs etməyə hazırlaşır. Hazırda parlamentin üzvü olan "Respublikaçı” Aram Arutunyana 14 milyon dollar dəyərində rüşvət almaq və qanunsuz yolla əldə edilən gəlirlərin leqallaşdırılması üzrə ittiham irəli sürülüb. 2015-ci ildə başladılan cinayət işinin araşdırılması zamanı məlum olub ki, 2008-ci ildə Ermənistanın ekologiya naziri olmuş Arutunyan 10 əlvan metal yatağında geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi üçün lisenziyanın əldə olunması qarşılığında 14 milyon dollar həcmində rüşvət tələb edib və alıb. Həmin yataqlar Syunik, Qeqarkunik, Lori və Kotaysk vilayətlərində yerləşir. 6 milyon dollar Arutunyana vasitəçilər tərəfindən birbaşa, yerdə qalan 8 milyon isə bank vasitəsilə köçürülmə yolu ilə ödənilib. İstintaqın araşdırmasına görə, sabiq nazir xarici ölkələrdə digər şəxslərin adına bank hesabları açıb. Arutunyana qarşı rüşvət almaq və gəlirlərin leqallaşdırılması maddələri üzrə istintaqa başlamaq üçün kifayət qədər əsaslar var. Bu maddələr üzrə ittiham olunan şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Ermənistanın baş prokuroru Artur Davtyan cinayət işinin başlanması və Arutunyanın həbsi edilməsi üçün parlament sədrinə müraciət edildiyini bildirib. Onun deputat mandatından məhrum ediləcəyi gözlənilir.

Xəbər lenti