Xəzər Xəbər

Gələn il İran gündəlik 1 milyon barrel neft ixrac edəcək

Dünya | 09:34 • 4 Dekabr 2018
Gələn il İran gündəlik 1 milyon barrel neft ixrac edəcək

2019-cu ildə İran dünya bazarına sutkada 1 milyon barrel neft çıxaracaq.


Bu sözləri İran parlamentinin rəyasət heyətinin üzvü Bəhruz Nəmati deyib. O bildirib ki, gələn ilin büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub və dekabrın 5-də müzakirəyə çıxarılacaq.


Büdcə layihəsində neftin bir barrelinin qiyməti 60 dollar hesablanıb. Neftin qiymətinin 60 dollar/barrel proqnozlaşdırılması realdır. Gələn il dünya bazarına sutkalıq 1 milyon barrel neftin çıxarılması büdcənin formalaşmasında əhəmiyyətli rol oynayacaq.


Lakin ABŞ-ın tətbiq etdiyi sanksiyalar İrana bu qədər neft ixrac etməyə imkan verəcəkmi? İndi bu sual ətrafında yerli mətbuatda çoxlu fikirlər dolaşır. Əvvəla qeyd etmək lazımdır ki, ABŞ 6 ay müddətinə 8 ölkəyə İrandan neft almağa icazə verib. Bu 8 dövlət gələn ilin may ayına qədər neft alacaq. Onlar limitin müəyyən edilməməsindən istifadə edib daha çox həcmdə neft almaq imkanına malikdirlər. Ehtimal etmək olar ki, həmin 8 ölkə hazırda dünya bazarında neftin qiymətinin sabit qalmasından faydalanaraq neft idxalını artıracaqlar. Çünki 6 aydan sonra ABŞ-ın icazə müddəti başa çatacaq və sonra İranın dünya bazarına neft çıxarmaq imkanı məhdudlaşa, "qara qızıl”ın yüksələ bilər. Aydın olur ki, gələn il 1 milyon barrel nefti İran elə 6 ay ərzinə satmaq imkanına malikdir. Digər tərəfdən Türkiyə və Çin milli maraqlarını üstün tutaraq ABŞ-ın sanksiyalarına və xəbərdarlığına baxmayaraq İrandan neft-qaz idxalını davam etirəcəklərini bildiriblər.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan edib ki, "Mən vətəndaşlarıma qışda soyuqda qalın, çünki ABŞ belə istəyir” deyə bilmərəm.


Çin isə İran neftinin və onun daşınmasının ucuz başa gəldiyini əsas tutaraq idxalı davam etdirəcəyini bildirib. Beləliklə, İranın gələn il 1 milyon barrel neft ixrac etmək planı tamamilə reallığa uyğundur.


Neftin qiymətinə gəlincə isə qeyd etmək lazımdır ki, bu gün İran üçün əsas məsələ "qara qızıl”ı dünya bazarına çıxarmaq imkanını əldə edə bilməsidir. Əlbəttə ki, qiymətin kəskin şəkildə aşağı düşməsi yalnız İrana yox, bütün neft hasil və ixrac edən dövlətlərə mənfi təsir edəcək. Lakin nisbətən ucuz satmaq heç satmamaqdan daha yaxşıdır. Bu gerçəkliyi rəsmi Tehran çox yaxşı başa düşür. Odur ki, büdcə layihəsində neftin qiymətinin 60 dollar/barrel proqnozlaşdırılması da dünya bazarında baş verənlərə uyğundur. Hər halda dekabrın 5-də İran parlamenti gələn il üçün dövlət büdcəsinin formalaşmasını müzakirə edəcək. (AZƏRTAC)

Xəbər lenti