Xəzər Xəbər

Avstriya hökuməti ibtidai məktəblərdə baş örtüyünü qadağan edir

Dünya | 09:02 • 19 Noyabr 2018
Avstriya hökuməti ibtidai məktəblərdə baş örtüyünü qadağan edir

Avstriyada koalisiyalı hökuməti təşkil edən Avstriya Xalq (ÖVP) və Avstriya Azadlıq (FPÖ) partiyaları ibtidai məktəblərdə baş örtüyünü qadağan etmək niyyətindədir. Bu məqsədlə yaxın günlərdə ölkə parlamentində müvafiq təşəbbüs ərizəsi təqdim ediləcək.


AZƏRTAC xəbər verir ki, Avstriya Azadlıq Partiyasının rəhbəri, ölkənin vitse-kansleri Haynts-Kristian Ştraxe "Österreich” qəzetinə müsahibəsində bu qadağanın, ilk növbədə, azyaşlı qızların müdafiəsinə xidmət edəcəyini bildirib. O, uşaq bağçalarında müvafiq qadağanın qəbulundan sonra növbəti addım kimi ibtidai məktəblərdə bu məqsədə nail olunmasına çalışdıqlarını bildirib. Vitse-kansler parlamentdəki digər partiyaları bu təşəbbüsü dəstəkləmə çağırıb. Onun sözlərinə görə, 10 yaşadək qızları əhatə edəcək qadağa gələcəkdə daha yuxarı yaş qruplarına da tətbiq oluna bilər.


Məktəb təhsili haqqında qanuna dəyişikliyi nəzərdə tutan təşəbbüs parlamentdə üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Ona görə müxalifət partiyalarının da bu təşəbbüsü dəstəkləməsi lazım olacaq.


Müxalifəti təmsil edən Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) tədris üzrə sözçüsü Sonya Hammerşmid bununla bağlı bildirib ki, miqrant uşaqlarının cəmiyyətə daha yaxşı inteqrasiyası üçün hökumət geniş paket hazırlamalıdır. Yalnız baş örtüyünün qadağan edilməsi hansısa problemin həlli deyil və sırf populist xarakterli addımdır.

Xəbər lenti