Xəzər Xəbər

Avstriyada ölkənin respublika elan olunmasının 100 illik yubileyi qeyd edilir

Dünya | 17:41 • 12 Noyabr 2018
Avstriyada ölkənin respublika elan olunmasının 100 illik yubileyi qeyd edilir

Noyabrın 12-də Vyana Dövlət Operasında Avstriyanın respublika elan olunmasının 100 illik yubileyi münasibətilə dövlət tədbiri keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri ilə yanaşı, çoxlu sayda yerli və xarici qonaqlar iştirak ediblər.


Tədbirdə çıxış edən Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen bildirib ki, 100 il bundan əvvəl Avstriyada respublika elan ediləndə çoxları bu gənc dövlətin ömrünün uzun olmayacağı qənaətində idilər. Birinci respublika keşməkeşli inkişaf yolu keçsə də, 1945-ci ildən sonra ikinci respublika ölkənin müqəddəratı üçün yeni başlanğıc oldu. Ölkədəki bütün siyasi qüvvələr onları bir-birindən fərqləndirici amilləri bir kənara qoyaraq, insanları birləşdirən amallar uğrunda ölkənin yenidən dirçəldilməsi üçün səy göstərdilər. Ortaq məqamları müəyyən edərək ölkə quruculuğu Avstriyanı Avropanın mərkəzində inkişaf etmiş ölkəyə və Aİ üzvünə çevirdi.


Dövlət tədbirində federal kansler Sebastian Kurts və vitse-kansler Haynts-Kristian Ştraxe də çıxış ediblər.


Qeyd edək ki, Birinci dünya müharibəsinin başa çatması ilə Avropanın bir çox ölkələri kimi Avstriyada da respublika üsul-idarəsi elan olunub. Avstriya-Macarıstan imperiyasının sonuncu imperatoru I Karl 1918-ci il noyabrın 11-də taxt-tacdan imtina etdikdən sonra noyabrın 12-də ölkə parlamentində respublika quruluşuna keçid barədə qərar qəbul edilib.

Xəbər lenti