Xəzər Xəbər

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda 2 min 714 mülki şəxsin ölümünə səbəb olub

Dünya | 15:24 • 12 Noyabr 2018
ABŞ-ın pilotsuz təyyarələri Pakistanda 2 min 714 mülki şəxsin ölümünə səbəb olub

ABŞ-ın pilotsuz uçan təyyarələr vasitəsilə 2004-cü ildən bu günə kimi Pakistanda həyata keçirdiyi hərbi əməliyyatlarda 2 min 714 mülki şəxs həlak olub.


AZƏRTAC Pakistanın Beynəlxalq Terrorçuluqla Mübarizə Təşkilatının hazırladığı hesabata istinadən xəbər verir ki, ən şiddətli əməliyyatlar 2008-2012-ci illərdə həyata keçirilib. Bu illər ərzində 336 dəfə pilotsuz təyyarələrin bombardmanı nəticəsində 2 min 282 mülki insan ölüb, 658 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti ömürlük şikəst qalıblar.


Ölkənin Bajaur, Bannu, Hangu, Haybər, Cənubi və Şimali Vəziristan vilayətlərində əhalinin sıx yaşaması burda keçirilən hərbi əməliyyatlarda mülki əhali arasında ölüm hallarının daha çox olması ilə nəticələnib, infrastruktura, şəxsi təsərrüfatlara böyük maddi ziyan dəyib.


Dövlət və şəxsi təsərrüfatlara dəyən ziyanın və insan itkisinin getdikcə artdığını görən Pakistan hökuməti ABŞ-dan əməliyyatların dayandırılmasını tələb edib. ABŞ 2012-ci ildən etibarən pilotsuz uçan təyyarələrlə hərbi əməliyyatları dayandırıb.


Qeyd etmək lazımdır ki, məhz bu əməliyyatların birində "Taliban” hərəkatının liderlərindən biri olan Molla Əxtər Mənsur qətlə yetirilib.

Xəbər lenti