Xəzər Xəbər

Koreyalararası nəzarət postlarının söküntüsü başladı

Dünya | 14:13 • 12 Noyabr 2018
Koreyalararası nəzarət postlarının söküntüsü başladı
Cənubi və Şimali Koreya iki ölkə arasındakı sərhəddə yerləşən 20 nəzarət məntəqəsinin sökülməsi prosesinə başlayıblar.


Bu barədə Cənubi Koreyanın "Yonhap” agentliyi məlumat yayıb. Qeyd olunur ki, oktyabrda iki dövlətin yüksək rütbəli hərbçiləri arasında Koreyalararası demilitarizasiya zonasının yaradılması barədə əldə olunan razılaşmaya uyğun olaraq indiyədək sərhəddən əsgərlər və hərbi texnika geri çəkilib.

Razılaşmaya əsasən, hazırda demilitarizasiya bufer zonasında hər iki tərəfdən müvafiq olaraq 10 sərhəd-nəzarət məntəqəsi ləğv ediləcək və Cənubi və Şimali Koreya yalnız bir məntəqəni saxlayacaqlar.

Qeyd edək ki, Şimali Koreya Cənubla 250 kilometrlik sərhəddin qalan hissəsində 160, Seul isə Şimalla sərhəddə 60 nəzarət məntəqəsinə malikdir. İkitərəfli razılaşmanın uzunmüddətli məqsədi zamanla sərhəd boyunca bütün nəzarət məntəqələrinin ləğvidir.

Hazırda Koreyalararası sərhəddə hər iki tərəfin əsgərlərinin bir-birinə qarşı dayandıqları yeganə yer sərhəddəki Phanmuncom kəndidir. İkitərəfli və Koreya yarımadası ilə bağlı məsələləri əhatə edən danışıqlar da əsasən burada aparılır. Qarşılıqlı olaraq silahların geri çəkilməsi və nəzarət postlarının ləğvindən sonra Phanmuncomda hər iki tərəfdən 35 silahsız nümayəndənin qalması nəzərdə tutulur./azvision.az

Xəbər lenti