Xəzər Xəbər

Neonasistlər provokasiyaya əl atırlar

Dünya | 19:53 • 10 Noyabr 2018
Neonasistlər provokasiyaya əl atırlar

Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və müəssisənin siyahısını bu qrupun "Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.


AZƏRTAC xəbər verir ki, bu siyahıda Brandenburq darvazaları yaxınlığında Holokost qurbanlarının memorialının da adı var. "Tagesspiegel” qəzetinin bugünkü nömrəsində bildirilir ki, şəhərin xəritəsində bu müəssisələrin yerləşdiyi ərazilər "yəhudilər bizim aramızdadır” sözləri ilə qeyd olunub.


"Sağçı ekstremizmə qarşı mobil məsləhətlər” adlı ictimai təşkilatın əməkdaşları sosial şəbəkədə bu postu aşkar edib və bu barədə yəhudi təşkilatlarına, habelə "Facebook”un administrasiyasına məlumat veriblər. Lakin orada bu məlumata əhəmiyyət verilməyib. "Yaşıllar” partiyasından Avropa parlamentinin deputatı Folker Bek sosial şəbəkədəki bu məlumatı "məqsədyönlü provokasiya” adlandırıb. Lakin onun sözlərinə görə, bu fakt həmin materialın müəllifləri üçün hüquqi nəticə doğurmayacaq, çünki hüquqşünasların fikrincə bu əməl ayrı-seçkiliyin qızışdırılması barədə cinayət tərkibinə uyğun deyil.


Noyabrın 9-da Almaniyada "Billür gecə” qurbanlarının xatirəsini yad edirlər. 1938-ci il noyabrın 9-u Almaniya tarixində ən qara günlərdən biri olub. Həmin gün nasional-sosialistlər yəhudi talanları təşkil ediblər. Bir neçə ildən sonra bu talanlar yəhudilərin sistematik və kütləvi şəkildə məhv edilməsinə gətirib çıxarıb. 1938-ci il noyabrın 9-dan 10-na keçən gecə Almaniyada 200-ə yaxın sinaqoq yandırılıb, çoxsaylı yəhudi qəbiristanlığı, yəhudilərə məxsus minlərlə mağaza və ev dağıdılıb, 30 min yəhudi həbs edilib, 91 yəhudi qətlə yetirilib. Bundan əlavə, yəhudilər 1,1 milyard reyxsmarka məbləğində kollektiv şəkildə cərimə edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti