Xəzər Xəbər

Özgür Çakar: Qardaş ölkə Azərbaycana həmişə dəstək verməyə hazırıq

Dünya | 09:54 • 10 Noyabr 2018
Özgür Çakar: Qardaş ölkə Azərbaycana həmişə dəstək verməyə hazırıq

Artıq 6-ci ildir ki, Fransanın Lion şəhərində Türkiyənin baş konsulluğu fəaliyyət göstərir. Bu şəhərdə Azərbaycan, onun mədəniyyəti ilə bağlı belə bir tədbir ilk dəfədir keçirilir. Gözlədiyimdən də yüksək səviyyəli və gözəl konsert oldu.


Bu fikri Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təqdimatında iştirak edən Türkiyənin Lion şəhərindəki konsulu Özgür Çakar AZƏRTAC-a müsahibəsində söyləyib.


"Azərbaycanın mədəniyyətini, musiqisini yaxından tanıyırıq və bilirik ki, musiqi ölkənizdə çox inkişaf edib. Bu gün Azərbaycanın tanınması çox vacibdir. Əminəm ki, bu konsertin böyük müsbət nəticələri olacaq.


İnanıram ki, belə tədbirlər davam edəcək və biz Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova ilə birlikdə çalışacağıq. Bugünkü konsertdə Azərbaycan musiqisinin qəlbləri fəth etdiyinin şahidi olduq”, - deyə Özgür Çakar vurğulayıb.


Konsul bildirib ki, musiqi və musiqiçilər möhtəşəm idi. Çıxışların bütün zal tərəfindən ayaq üstə alqışlanması musiqinizə olan böyük sevginin və hörmətin göstəricisidir. "Qardaş ölkə Azərbaycana həmişə dəstək verməyə hazırıq. Birgə olmaqdan çox şadıq”, - deyə o əlavə edib.


"Türkiyə rəhbərliyi başda olmaqla, bütün məmurlar, eləcə də diplomatlar Azərbaycan reallıqlarından danışmağı unutmurlar. Ölkələrimizin bu istiqamətdə tarixi baxışları, görüşləri eyni olduğundan, hər zaman həqiqəti anlatmağa çalışırıq. Biz reallıqları söyləməli və gələcəyə nikbin baxmalıyıq. Biz daim həqiqəti söyləyir, eyni zamanda, fəaliyyətimizi davam etdiririk. Bu konsert fəaliyyətimizin bəhrəsidir.


Bu, mədəniyyət tədbiri idi. İnsanlar mədəniyyət tədbirlərinə heç vaxt biganə qalmırlar. Mədəniyyət, turizm, sənət, iqtisadiyyat və ticarət insanları həmişə birləşdirir. Biz əvvəlcə mədəniyyətimiz təbliğ etməli və tanıtmalıyıq. Mədəniyyət tanındıqdan sonra digər sahələrdə də əlaqələr möhkəmlənəcək”,- deyə Ö. Çakar söyləyib.

Xəbər lenti