Xəzər Xəbər

Tramp şəxsən lobbiçilik etdi: 24 illik qaz müqaviləsi imzalandı

Dünya | 14:04 • 8 Noyabr 2018
Tramp şəxsən lobbiçilik etdi:
Polşa Rusiyadan enerji asılılığını azaltmaq üçün ABŞ-dan maye qaz alınmasını nəzərdə tutan uzunmüdətli müqavilə imzalayıb.

"The New York Times” xəbər verir ki, bu gün Polşanın "PGNiG” dövlət neft-qaz şirkəti 24 il müddətinə ABŞ-ın "Cheniere Energy” şirkətindən maye qaz idxal edəcəyilə bağlı müqavilə imzalayıb.


Varşavada keçirilən təntənəli imzalanma mərasimində şəxsən iştirak edən ABŞ-ın enerji naziri Rik Perri və Polşa prezidenti Anjey Duda bu müqavilənin Polşanın enerji təhlükəsizliyini daha da artıracağını bəyan ediblər.

Duda bu müqavilə ilə Polşaya qaz satılmasına ABŞ prezidenti Donald Trampın şəxsən lobbiçilik etdiyini vurğulayıb: "İl yarım bundan əvvəl Varşavada Donald Trampla danışdım. O zaman məndən soruşdu ki, Polşa ABŞ-dan maye qaz almaq istəyirmi? Və indi də bizim söhbətimiz praktiki məzmun alır.”

Müqavilə üzrə ABŞ maye qazının Polşaya ixracına 2019-cu ildən başlanılacaq. Yenidən qazlaşdırılmadan sonra 2019-2022-ci illər ərzində Polşa ABŞ-dan illik 0,73 milyard kubmetr maye qaz idxal edəcək. 2023-2042-ci illərdə isə illik qaz alışının həcmi 1,95 milyard kubmetrədək artırılacaq.

Lakin enerji razılaşmalarının həssaslığı baxımından ABŞ-la Polşa arasındakı müqavilənin dəyəri mətbuata açıqlanmayıb. Bununla belə, "PGNiG” şirkətinin idarə heyətinin sədri Pyotr Voznyak bildirib ki, Varşavanın Amerikadan alacağı qazın qiyməti Polşanın şərqdəki hazırkı enerji təchizatçısına (Rusiyanın) ödədiyi qiymətdən 20-30 faiz ucuzdur. O, həmçinin, gələcəkdə buna oxşar daha 2 müqavilənin imzalanacağını vurğulayıb.

Qeyd edək ki, Polşanın "PGNiG” dövlət neft-qaz şirkəti qazın böyük hissəsini Rusiyanın "Qazprom” şirkətindən alır. 1996-cı ildə imzalanan müqavilə ilə hər ilk Rusiya Polşaya 10 milyard kubmetr təbii qaz satır. Lakin son illər Polşanın təbii qaza olan tələbatının artması onun Rusiyadan idxalına da təsir göstərib. 2017-ci ildə "Qazprom”dan illik təbii qaz alışı 17 milyard kubmetrədək yüksəlib. Cari ildə isə Rusiyadan təbii qaz tədarükü daha 11,7 faiz artıb./azvision.az

Xəbər lenti