Xəzər Xəbər

BƏƏ-də əcnəbilərin biznesə yüz faiz sahiblik etməsi haqda qanun qüvvəyə minir

Dünya | 11:22 • 8 Noyabr 2018
BƏƏ-də əcnəbilərin biznesə yüz faiz sahiblik etməsi haqda qanun qüvvəyə minir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkəyə əlavə xarici investisiyalar cəlb etmək məqsədilə investisiyaya aid yeni qanun qəbul edilib.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, ölkə ərazisində qüvvəyə minən yeni investisiya qanununa əsasən, əcnəbilər iqtisadiyyatın bəzi sektorlarında şirkətlərə tamhüquqlu sahiblik edə biləcəklər. İndiyə qədər Əmirliklərdə qeydiyyatda olan xarici şirkətlər öz bizneslərinə BƏƏ vətəndaşı olan yerli tərəfdaşı cəlb etməyə borclu idilər. Həmin şəxs nominal olaraq şirkətin 51 faiz payçısı olurdu.

Qeyd etmək lazımdır ki, yeni investisiya qanunu iqtisadiyyatın 14 sektoruna şamil edilmir: neftçıxarma və neft emalı, hərbi sənaye kompleksi (o cümlədən ordunun və mühafizə müəssisələrinin ehtiyacları üçün silah, partladıcı materiallar, paltar və avadanlıq istehsalı), bank və maliyyə xidmətləri, sığorta, ziyarət turlarının təşkili üzrə xidmətlər, işəgötürmə üzrə fəaliyyət, kommunal xidmətlər, balıq ovu, poçt və telekommunikasiya xidmətləri, yol və hava nəqliyyatı, çap məhsulları istehsalı, kommersiya agentlikləri, tibbi xidmətlər (apteklər və dərman satışı), habelə qan və zəhər bankları.

Qanunda qeyd edilir ki, əcnəbilər tərəfindən biznesə yüz faizlik sahiblik hüququna icazə veriləcək sahələrin siyahısı sonra dərc ediləcək.

Xəbər lenti