Xəzər Xəbər

ABŞ-da aralıq seçkilərində qaynar xəttə çoxlu şikayət zəngləri daxil olub

Dünya | 12:16 • 7 Noyabr 2018
ABŞ-da aralıq seçkilərində qaynar xəttə çoxlu şikayət zəngləri daxil olub

ABŞ-da aralıq seçkiləri günü səsvermə üzrə qaynar xəttə seçicilər və müşahidəçilər tərəfindən 20 mindən çox şikayət zəngləri daxil olub.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "The New Yorker” qəzetinin məlumatına görə, Corciya ştatının Qvinnett əyalətindəki Anderson-Livsi ibtidai məktəbində yerləşən seçki məntəqəsində seçicilər səsvermə maşınının elektrik mənbəyinə qoşulmaması səbəbindən səs verə bilməyiblər. Anniston ibtidai məktəbindəki digər seçki məntəqəsində müşahidəçilər səsvermə maşınının nasaz olduğunu aşkar ediblər. Corciya ştatının Atlanta şəhərindəki bəzi seçki məntəqələrində seçici bülletenlərinin bitməsi nəticəsində seçicilər məntəqəni tərk etməyə məcbur olublar.


Şimali Karolina ştatının Mebeyndəki incəsənət mərkəzində fəaliyyət göstərən seçki məntəqəsində səsvermə maşınlarının bir neçəsi sıradan çıxıb və bu, uzun növbələrin yaranmasına səbəb olub. Seçicilərə düzgün olmayan məlumatlar verilib və onları əmin ediblər ki, növbəni tərk etdikləri təqdirdə səsvermə hüququnu itirəcəklər. Pensilvaniyada isə bütün ştat üzrə, o cümlədən Filadelfiyada seçki məntəqələrində səsvermə maşınları sıradan çıxıb. Bunun nəticəsində məntəqələr gec açılıb və məyus olan seçicilərin əksəriyyəti səs vermədən növbələri tərk ediblər.


Xəbər verilir ki, axşam saat 6 radələrində, İndiana və Kentukkidə seçki məntəqələrinin fəaliyyətinə yekun vurulduğu vaxtda, iyirmi mindən çox seçici qaynar xəttə zəng edərək səsvermə imkanlarının olmadığını bildiriblər.

Xəbər lenti