Xəzər Xəbər

Almaniya xüsusi xidmət orqanlarının başçısı istefaya göndərilib

Dünya | 14:28 • 6 Noyabr 2018
Almaniya xüsusi xidmət orqanlarının başçısı istefaya göndərilib

Almaniyanın Konstitusiya Mühafizəsi üzrə Federal Xidmətinin sədri Hans-Georq Masen istefaya göndərilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının (AFR) daxili işlər naziri Horst Zeyehofer məlumat verib. Nazir, həmçinin bildirib ki, bu istefa ilə bağlı o, AFR Prezidenti Frank-Valter Ştaynmayerə müraciət edib.


Bu qərarın labüd olduğunu əsaslandıran DİN rəhbəri qeyd edib ki, Masen özünün son çıxışlarından birində "qəbuledilməz ifadələrə” yol verib. Bunlar isə etimada əsaslanan gələcək əməkdaşlığı mümkünsüz edir. Qəti qərar qəbul edilənədək Konstitusiya Mühafizəsi üzrə Federal Xidmətə Masenin müavini Tomas Haldenvanq rəhbərlik edəcək.


Masen müxtəlif ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin görüşündəki çıxışında Saksoniyanın Xemnits şəhərində baş verən iğtişaşlar zamanı sağçı ekstremistlər tərəfindən əcnəbilərin təqib edilməsi ilə bağlı özünün əvvəlki fikirlərini şübhə altına qoyan ifadələr işlədib. Nitqin informasiya agentlikləri tərəfindən yayılan mətninə əsasən, siyasətçi bildirib ki, daha əvvəl XDİ/XSİ bloku ilə hökumət koalisiyasının yaradılmasına qarşı çıxış edən hansısa "Almaniya Sosial-Demokrat Partiyasında (ASDP) olan solçu radikal qüvvələr” guya onun Xemnits hadisələri ilə bağlı dediklərini koalisiyanın dağılması üçün yaxşı səbəb hesab ediblər.


Masen bir neçə alman tərəfindən qaradərili əcnəbilərin necə qovulduqlarını əks etdirən Xemnitsdə çəkilmiş videoqeydlərin "həqiqiliyinin sübut edilmədiyi” barədə bəyanatından sonra tənqid atəşinə tutulub. Qurumun rəhbərinin iddiasına görə, söhbət "cəmiyyəti Xemnitsdə baş verən ölüm hadisəsindən yayındırmaqdan ötrü məqsədyönlü dezinformasiyadan” gedir. Daha sonra o, videomaterialın həqiqiliyi barədə mübahisə etmədiyini bəyan edərək deyib ki, onu "düzgün başa düşməyiblər”.

Xəbər lenti