Xəzər Xəbər

İsveçrədə referenduma qeyri-adi məsələ çıxarılacaq

Dünya | 09:02 • 23 Oktyabr 2018
İsveçrədə referenduma qeyri-adi məsələ çıxarılacaq

İsveçrə Konfederasiyasında birbaşa demokratiyanın təcəssümü olan ümumxalq səsverməsi geniş yayılıb. Bu ölkənin sakinləri istənilən mövzuda qərarlarını referendum yolu ilə qəbul etməkdən fəxr edirlər. Ölkədə hər rüb üzrə bir gün referendum təyin edilir və həll olunması üçün yetərincə imza toplamış məsələlər ümumxalq səsverməsinə çıxarılır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il noyabrın 25-də keçiriləcək referendumda səsverməyə çıxarılan məsələlərdən biri ölkə hüdudlarından da kənarda maraqla qarşılanıb. Belə ki, bir qrup təşəbbüsçü fermerlərə buynuzlu mal-qara saxlamağa görə dövlət tərəfindən subsidiya verilməsi təklifi ilə çıxış ediblər. Alp dağlarında fermerliklə məşğul olan Armin Kapaulun təşəbbüsü keçən il referenduma çıxarılmasa da, o, öz inadından əl çəkməyib.


İsveçrədə hər on inəkdən doqquzunun buynuzu yoxdur, çünki heyvanların buynuzu kəsildikdən sonra, lazerlə dağlanır. Sənayeləşmiş kənd təsərrüfatı dövründə bu üsulla heyvanların insanlar, həmçinin bir-birinə xətər yetirməsinin qarşısı alındığına görə, tövlələrin böyük olmasına ehtiyac qalmır.


Təşəbbüs qrupu heyvanların buynuzunun kəsilməsinin qadağan edilməsinə deyil, mal-qaranın buynuzunu olduğu kimi saxlayan fermerlərə dövlət tərəfindən hər il 30 milyon İsveçrə frankı subsidiya ayrılmasına çalışırlar. Onlar bu yolla fermerlərin gələcəkdə heyvanlara işgəncə vermədən onları təbii şəkildə bəsləyəcəklərini və canlıların təbiətin onlara bəxş etdiyi, eyni zamanda, mühüm funksiyalar daşıyan buynuzlarından məhrum edilməyəcəklərinə ümid edirlər.

Xəbər lenti