Xəzər Xəbər

Səudiyyəni Qaşıqçı cinayətini etiraf etməyə nə məcbur etdi? – Türkiyənin SİYASİ GEDİŞİ

Dünya | 17:05 • 20 Oktyabr 2018
Səudiyyəni Qaşıqçı cinayətini etiraf etməyə nə məcbur etdi?
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsulluqda öldürüldüyünü etiraf edib. Oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna gələn Qaşıqçının yoxa çıxması bütün diqqəti Ər-Riyadın üzərinə yönəltsə də, kral ailəsi hadisə ilə əlaqəsinin olduğunu təkzib edirdi. Təxminən 18 gün sonra Ər-Riyaddan etiraf gəldi və hər kəs bu etirafın niyə edildiyi sualı üzərinə düşünür.

"Haber7” saytı Türkiyənin atdığı addımların Səudiyyənin cinayəti etiraf etməyə məcbur olmasına səbəb olduğunu yazıb.

"Türkiyə çox ağıllı yol izlədi. Əvvəlcə Səudiyyədən Qaşıqçının ardınca gələn 15 nəfərlik qrupun bütün görüntüləri mediaya verildi. Cinayəti törətməyə gələn qrupu İstanbula gətirən təyyarə, qrupun hava limanından çıxışı, konsulluğa girişi və digər detalların hamısı ictimaiyyətə açıqlandı. Sui-qəsd qrupunun bütün üzvlərinin adları, görüntüləri bir-bir ortaya çıxarıldı. Gələnlərin turistlər yox, Qaşıqçını öldürmək üçün xüsusi muzdlular olması bütün dünyada səs-küyə səbəb oldu. Beləliklə, Ər-Riyad rejiminə cinayəti etiraf etməsi üçün təzyiqlər edildi. Hadisə ilə bağlı aparılan cinayət işində ciddi informasiyalar xarici, xüsusilə ABŞ mediası ilə yayımlandı. Konsulluq və qrupun qaldığı oteldə aparılan araşdırmalarda Qaşıqçının öldürüldüyünə dair ciddi dəlillər əldə olundu. Dünya liderləri ard-arda hadisəyə sərt reaksiya verdilər. Qlobal təzyiq Səudiyyəni küncə sıxışdırdı və 18 gün sonra Ər-Riyad Qaşıqçının konsulluqda "dava nəticəsində” öldürüldüyünü etiraf etdi”, - deyə sayt yazıb.

Sayt qeyd edir ki, indi əsas sual Qaşıqçının cəsədinin harada olmasıdır.

"Röyters” Səudiyyədəki mənbələrinə istinadən yazır ki, sui-qəsdçilər öldürülən jurnalistin cəsədini qətli sifariş edənlərə təhvil vermiş ola bilərlər. Qaşıqçının cəsədinin hissələrə parçalanaraq ölkədən çıxarıldığı ehtimalı da ön plandadır. Hazırda cəsədin taleyi ilə bağlı araşdırma aparılır./publika.az

Xəbər lenti