Xəzər Xəbər

Özbəkistanla Rusiya əməkdaşlığı genişləndirir - 20 sənəd imzalandı

Dünya | 14:22 • 19 Oktyabr 2018
Özbəkistanla Rusiya əməkdaşlığı genişləndirir -

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda rəsmi səfərdədir.


AZƏRTAC xəbər verir ki, Özbəkistana gələn böyük nümayəndə heyətinin tərkibində Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiya regionlarının yüksək səviyyəli nümayəndələri də var.


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Vladimir Putinlə görüşündə ölkələr arasında strateji tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, müxtəlif sahələrdə yeni birgə layihələrin və proqramların praktik olaraq həyata keçirilməsi, hərbi, hərbi-texniki, kosmik tədqiqatlar, təhsil, səhiyyə, kənd təsərrüfatı, beynəlxalq və regional məsələlər müzakirə olunub. Regionda sabitliyin və təhlükəsizliyin, həmçinin Əfqanıstanda sülhün qorunması məsələləri də diqqət mərkəzində olub.


Prezident Şavkat Mirziyoyev bildirib ki, bu il ölkələr arasında əmtəə mübadiləsinin həcmi 6 milyard dollar təşkil etməlidir. Yaxın illərdə isə bu rəqəmin 10 milyarda çatdırılması nəzərdə tutulur.


Vladimir Putin deyib ki, Özbəkistanla müxtəlif sahələri əhatə edən əməkdaşlıq planı ancaq ilkin mərhələdə 25 milyard dollar təşkil edir və gələcəkdə bu rəqəm artacaq.


Görüşün yekunlarına görə dövlət başçılarının Birgə Bəyanatı qəbul edilib, ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması ilə bağlı 20 sənəd imzalanıb.


Oktyabrın 18-19-da səfər çərçivəsində Rusiyanın regionları və işgüzar dairələrinin özbək tərəfdaşları ilə bir sıra digər tədbirləri də keçirilib.


Rusiya Prezidentinin səfəri çərçivəsində keçirilən Regional Əməkdaşlıq üzrə birinci Özbəkistan-Rusiya Forumunda ticarət-iqtisadi və sərmayə qoyuluşu sahələrində 27,1 milyard dollar dəyərində 785 ikitərəfli saziş və memorandum imzalanıb.


Rüstəm Minnixanovun iştirakı ilə Daşkənd vilayəti ilə Tatarıstan arasında sosial-iqtisadi, elmi-texniki və mədəni-humanitar sahələri əhatə edin 40 saziş imzalanıb.


Rusiya-Özbəkistan İşgüzar Şurasının iclasında isə hər iki tərəfdən nazirliklərin və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.


Prezident Vladimir Putinin Özbəkistana səfəri davam edir.

Xəbər lenti