Xəzər Xəbər

İran Çinə böyük həcmdə neft göndərir - sanksiyaların tətbiqinə az qalıb

Dünya | 17:46 • 18 Oktyabr 2018
İran Çinə böyük həcmdə neft göndərir -

ABŞ-ın yeni sanksiyalarına az müddət qalmış alıcıları azalan İran Çinə tankerlərlə böyük həcmdə neft göndərir.


Xezerxeber.az xəbər verir ki, ABŞ-ın İranın neft ixracına yönələn sanksiyalarının noyabr ayının əvvəlində qüvvəyə minməsindən əvvəl rəsmi Tehran Çinin şimal-şərqində Dalian limanına böyük həcmdə xam neft göndərir.


"Refinitiv Eikon”un gəmilərin izlənməsi məlumatlarına görə, İranın Milli Tanker Şirkətinə (NITC) məxsus iri tankerlərə yüklənən 22 milyon barrel neft Dalian limanına doğru yola çıxıb. Bu tankerlər oktyabr və noyabr aylarında limana çatacaq. Bugünkü tarixdən 2015-ci ilin yanvar ayınadək dövrü əhatə edən məlumatlar göstərir ki, Dalian limanına adi vaxtlarda hər ay 1 və ya 3 milyon barrel İran nefti göndərilib.


Bundan başqa, ABŞ-ın sanksiyaları ərəfəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üçüncü ən böyük istehsalçısı olan İranın alıcılarının sayında azalma müşahidə edilir.


2014-cü ildə İrana tətbiq edilən sanksiyalar zamanı da Dalian limanına ehtiyat olaraq yığdığı neft sonradan Koreya Respublikası və Hindistandakı alıcılara satılıb.


Qeyd edək ki, Çinin ən böyük neft emalı və ehtiyat anbarlarından bəziləri Dalian bölgəsində yerləşir.


Həmçinin NITC-yə məxsus iri tanker oktyabrın 8-də Dalian limanının Xingang bölməsindəki anbara neft boşaldıb.


"Refinitiv Eikon” məlumatlarına görə, hazırda 3 tanker Çinin Changxing yol alıb və onlar noyabr ayında limana çatacaq.

Xəbər lenti