Xəzər Xəbər

Avstraliya hökuməti İsraildəki səfirliyini Qüdsə köçürmək niyyətindədir

Dünya | 16:34 • 16 Oktyabr 2018
Avstraliya hökuməti İsraildəki səfirliyini Qüdsə köçürmək niyyətindədir

Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib ki, ölkəsinin İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin mümkünlüyü barədə məsələ cari ilin dekabrınadək öz həllini tapacaq.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə oktyabrın 16-da hökumətin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.


Hökumət başçısının və xarici işlər naziri Maris Peynin birgə bəyanatında deyilir ki, bu gün Avstraliya hökuməti Yaxın Şərqdə ölkənin maraqlarının müdafiəsinə həsr olunan bir neçə bəyanatla çıxış edib. Bu bəyanatlar bütünlükdə bizim İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə sadiqliyimizi möhkəmləndirir, İsrail ilə münasibətlərimizin gələcək inkişafına müsbət təsir göstərir və bizim İran ilə qarşılıqlı əlaqələrimizi konstruktiv şəkildə davam etdirmək niyyətimizi təsdiq edir.


S.Morrison və M.Peyn qeyd ediblər ki, yaxın gələcəkdə ölkə hökuməti Qüdsün İsrailin paytaxtı kimi tanınması məsələsinə baxacaq və "bununla bərabər Şərqi Qüdsü gələcək Fələstin dövlətinin gözlənilən paytaxtı kimi qəbul edəcək”.


Avstraliya hökumətinin bəyanatında əksini tapmış məsələlərlə bağlı qərarların cari ilin dekabrınadək qəbul ediləcəyi gözlənilir.

Xəbər lenti