Türkiyədə itən
jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş
Konsulluğunda axtarılmasına icazə verilməsi üçün Ankara Ər-Riyada rəsmi
müraciət göndərib. XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, Camalın yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Valid Abdul Kərim ötən gün yenə Türkiyə XİN-ə çağırılıb və məsələyə aydınlıq gətirməsi tələb olunub.
Qeyd
edək ki, Türkiyə polisindəki mənbələrinə istinad edən "Reuters”
jurnalistin öldürüldüyünü və bu səbəbdən də, artıq 6 gündür ki, ondan
xəbər çıxmadığını iddia edib. Qeyd olunur ki, polis sonuncu dəfə Camalın
Səudiyyə Konsulluğuna girdiyini kameralar vasitəsilə təsbit edib. Lakin
ondan sonra heç yerdə görüntülənməyib. "Reuters” yazır ki, jurnalist
Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara
çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilir. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.
Ötən
gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistin müəmmalı
şəkildə yoxa çıxması və ölümü ilə bağlı iddialarla əlaqədar
prokurorluğun qərarını gözlədiyini deyib. Onun köməkçisi Yasin Aktay isə
bu işdə Səudiyyə Ərəbistanından olan 15 nəfərin əli olduğunu istisna etməyib.
Xatırladaq
ki, 2 oktyabrda "The Washington Post” qəzetinin səudiyyəli jurnalisti,
ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin
İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını
konsulluğun binasına buraxmayıblar və üzərindən 5 saat keçdikdən sonra
deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna
inanmadığını və konsulluğa daxil olduğu andan etibarən neçə gündür
Camalın yoxa çıxdığını deyib. Onun sözlərinə görə, səudiyyəli jurnalist
hələ də konsulluqda, yaxud Səudiyyənin Ankaradakı səfirliyində
saxlanılır.
Məsələ ilə əlaqədar Türkiyə XİN-ə çağırılan Səudiyyə
səfiri Valid Abdul Kərim bildirib ki, jurnalistin harada olduğuna dair
heç bir məlumatı yoxdur. Lakin Türkiyədəki Ərəb KİV-ləri Assossiasiyasının sədri Turan Qışlaqcı bəyan edib ki, Səudiyyə Ərəbistanı
digər ölkələrdəki səfirliklərindən Ər-Riyadın siyasətindən narazı olan
müxalifət qüvvələrinin oğurluğu məqsədilə istifadə edir. Onun sözlərinə
görə, bu kimi hallar artıq İsveçrə, Böyük Britaniyavə Fransada baş verib.
Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da
məskunlaşıb. "The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki
problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən
məqalələr yazır. /azvision.az