Türkiyə və Rusiya
arasındakı Soçi anlaşmasına uyğun olaraq İdlib bölgəsi daxilində
təhlükəsizlik zonasının yaradılması üçün suriyalı radikal müxalifətin
tərksilah edilməsi prosesi yekunlaşmaq üzrədir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, İdlibdə silahlı müxalifətlə Bəşər Əsəd
qoşunlarının təmas xətti boyunca ağır silahların və hərbi texnikanın
geri çəkilməsi prosesi sürətlənib və artıq bu günün sonunda tərksilah
proseduru başa çatacaq. Azad Suriya
Ordusu ilə yanaşı, Dəməşqə qarşı çıxan digər silahlı qruplaşmalar cəbhə
xətti boyunca yaradılacaq təhlükəsizlik zonasından topları, Qrad
raketləri və orta mənzilli digər raketlərin böyük bir hissəsini artıq
çıxarıblar.
Həmçinin, Soçi razılaşmasına müvafiq olaraq, tərksilah olunan həmin ərazilərdə patrul aparılmasını təmin etmək üçün Türkiyə Silahlı Qüvvələri müxtəlif növ silah və zirehli texnika cəlb edib.
Qeyd edək ki, 17 sentyabrda Ərdoğanla Putin arasındakı Soçi sazişinə əsasən oktyabrın 15-dən etibarən Suriyanın İdlib bölgəsində silahlı müxalifətlə Bəşər Əsəd
qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enliyində təhlükəsizlik
zonası yaradılacaq. Bunun üçünsə, oktyabrın 10-dək terrorçular, silahlı
müxalifət və hökumət qüvvələri, həmçinin, onlara məxsus ağır hərbi
texnika və silahlar həmin zonadan çıxarılmalıdır. İdlibdə yaradılacaq
təhlükəsizlik zonasına Türkiyə və Rusiya Silahlı Qüvvələri birgə nəzarət edəcəklər.