Xəzər Xəbər

Dünyada hər beş saniyədə 15 yaşınadək bir nəfər həyatını itirir

Dünya | 17:49 • 19 Sentyabr 2018
Dünyada hər beş saniyədə 15 yaşınadək bir nəfər həyatını itirir

UNICEF, Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin Əhali Fondu və Dünya Bankı qrupunun açıqladığı yeni məlumatda bildirilir ki, 2017-ci ildə yaşı 15-dək olan 6,3 milyon nəfər ölüb. Bu da orta hesabla hər 5 saniyədə bir uşaq və ya yeniyetmənin həyatının sona çatması deməkdir. Ölüm hallarının əksəriyyəti qarşısı alına biləcək səbəblərdən baş verib.


AZƏRTAC DST-nin informasiya portalına istinadla xəbər verir ki, ölənlərdən böyük əksəriyyəti – 5,4 milyonu 5 yaşınadək uşaqlardır. Bu göstəricinin yarısı isə yenidoğulan körpələrə aiddir.


UNICEF-in məlumatlar, tədqiqatlar və siyasət şöbəsinin direktoru Lourens Çandi deyib: "Təcili tədbirlər görülməsə, 2030-cu ilədək yaşı 5-dən aşağı 56 milyon uşaq həyatını itirəcək. Onların yarısı yenidoğulanlar olacaq. 1990-cı ildən sonra biz uşaqların həyatının qorunması sahəsində sanballı uğurlar qazanmışıq, lakin hələ də milyonlarla uşaq öz mənşəyi və doğulma yeri səbəbindən tələf olur. Biz mövcud vəziyyəti dərman, təmiz su, elektrik təchizatı və vaksinlər kimi sadə məsələlər hesabına hər bir uşağın mənafeyi naminə dəyişə bilərik”.


Qlobal miqyasda 2017-ci ildə 5 yaşınadək uşaq ölümü hallarının yarısı Afrikanın Böyük Səhradan cənubda yerləşən ölkələrində, daha 30 faizi Cənubi Asiyada qeydə alınıb. Afrika ölkələrində orta hesabla hər 13 körpədən biri doğulandan sonra 5 gün yaşamır. Yüksəkgəlirli ölkələrdə isə bu müqayisə 1-in 185-ə nisbətindədir.


Beş yaşınadək uşaqlar arasında ölüm hallarının əksəriyyəti doğuş zamanı ağırlaşmalar, sətəlcəm, yenidoğulanların sepsisi və malyariya kimi qarşısı müalicə yolu ilə alına bilinəcək səbəblərdən baş verir. Eyni zamanda, 5-14 yaş arası uşaq və yeniyetmələrdə ölümə səbəb kimi xüsusən suda boğulma və yol-nəqliyyat hadisələri göstərilir. Bu yaş qrupunda, həmçinin regional fərqlər var. Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində uşaq ölüm riski Avropadan 15 dəfə yüksəkdir.


Bütün ölkələrdə uşaq üçün daha çox təhlükəli dövr onun ömrünün birinci ayı sayılır. 2017-ci ildə 2,5 milyon yeni doğulmuş körpə bir ay ərzində dünyasını dəyişib. Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində və ya Cənubi Asiyada uşaqların birinci ayında ölüm halları yüksək gəlirli ölkələrlə müqayisədə 9 dəfə çox olub. Bununla yanaşı, 1990-cı ildən başlayaraq yenidoğulanların sağqalma ehtimalı 5 yaşınadək digər kateqoriyalardan olan uşaqlardan daha zəif sürətlə artırdı.


Göstəricilərin fərqi hətta ölkə daxilində müşahidə edilir. Kənd yerlərində 5 yaşınadək uşaqlar arasında ölüm hallarının səviyyəsi şəhərlə müqayisədə orta hesabla 50 faiz yüksəkdir. Bundan başqa, təhsili olmayan anaların uşaqları arasında 5 yaşınadək ölüm riski orta və ali təhsilli anaların övladlarına nisbətən iki və daha çox yüksək olur.


Bütün bu problemlərə baxmayaraq, uşaq ölümü dünyada ildən-ilə azalır. 5 yaşınadək ölən uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb: 1990-cı ildə 12,6 milyon uşaq ölüb, 2017-ci ildə 5,4 milyon. Eyni dövr ərzində daha böyük - 5-14 yaş arasında ölüm hallarının sayı 1,7 milyondan 1 milyonadək azalıb.

Xəbər lenti