Xəzər Xəbər

İki Koreya dövlətinin “birləşməsi” yolunda mühüm addım

Dünya | 11:10 • 19 Sentyabr 2018
İki Koreya dövlətinin “birləşməsi” yolunda mühüm addım
Kim Çen Inla Mun Çje İnin Pxenyandakı sammitinin yekununda Şimali Koreya və Cənubi Koreyanın müdafiə nazirləri olduqca mühüm ikitərəfli hərbi saziş imzalayıblar.


"Yonhap” agentliyi xəbər verir ki, sazişlə tərəflər Koreya dövlətləri arasındakı demilitarizasiya zonasından öz qoşunlarını və ağır hərbi texnikanı geri çəkmək, həmçinin, Phanmuncom sərhədyanı məntəqəsində xidmət keçən hərbi heyətin tərksilah edilməsi, Şimali və Cənubi Koreyanın nəzarət məntəqələrinin hamısının tam şəkildə sərhəddən 1 kilometr məsafəyədək uzaqlaşdırılması barədə razılığa gəliblər.


İkitərəfli hərbi saziş eyni zamanda, irimiqyaslı artilleriya hərbi təlimlərinin keçirilməsinin və demilitarizasiya zonası yaxınlığında hərbi uçuşların dayandırılmasını nəzərdə tutur. Bundan başqa, Şimali Koreya Tonçhannidəki raket poliqonunu bağlamağa və Yonbyondakı nüvə obyektlərini tam şəkildə sökməyə dair öhdəlik götürüb.

Həmçinin, Kim Çen In və Mun Çje İn hazırda bufer zonasının ayırdığı dəmiryolu və avtomobil yollarının birləşdirilməsi üzrə işlərə başlamaq qərarına gəliblər. Bununla da, Transkoreya və Transsibir magistralları vasitəsilə yüklər Avropaya daşına biləcək.

Pxenyanla Seul, o cümlədən, 2032-ci il Olimpiadasının keçirilməsi üçün birgə ərizə təqdim etmək və oyunlara vahid Koreya komandasının göndərilməsi barədə də razılığa gəliblər. Bütün bunlar iki Koreya dövlətinin "birləşməsi” yolunda mühüm addım kimi dəyərləndirilib.

Görüşün sonunda isə Şimali Koreya Lideri Kim çen In yaxın zamanlarda Seula səfər edəcəyinə söz verib. Bu, tarixdə Şimali Koreya rəhbərinin Cənubi Koreyanın paytaxtına edəcəyi ilk səfər olacaq.

Qeyd edək ki, iki Koreya liderinin Pxenyandakı sammiti sentyabrın 20-dək davam edəcək. /azvision.az

Xəbər lenti