İraqda ən nüfuzlu və
ölkədə avtoritetə malik fiqurlardan biri, 12 may parlament seçkilərində
ikinci yer tutmuş Fəth alyansının rəhbəri, "Həşdi Şabi” hərəkatının
lideri Hadi əl-Əmiri İraqın baş naziri vəzifəsindən öz namizədliyini
geri çəkib. XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, bununla da, uzun sürən mübahisələr və siyasi durğunluqdan sonra İraq hökumətin formalaşması prosesinə bir addım daha yaxınlaşıb.
"Əziz İraq
xalqına bəyan etmək istəyirəm ki, ali dini hakimiyyət yanaşmasına uyğun
olaraq yeni baş nazirin seçilməsi və onun formalaşdıracağı hökumətin
qurulması üzrə ciddi dialoqların aparılması üçün yol açmaq naminə baş
nazirliyə namizədliyimi geri çəkirəm.” – deyə, əl-Əmiri bildirib.
Hadi
əl-Əmirinin rəhbərlik etdiyi alyansın bir neçə gündür ki parlament
seçkilərinin qalibi Müqtəda əs-Sədrin bloku ilə yeni alyans
formalaşdırmaq barədə danışıqlar aparır.
Xatırladaq ki, bundan
əvvəl Hadi əl-Əmiri və ölkənin sabiq baş naziri Nuri əl-Malikinin
yaratdığı blok parlamentdə hökumət formalaşdırmaq üçün lazımi 166 yerə
sahib olduqlarını və məhz özlərinin koalisiya hökuməti qura
biləcəklərini iddia edirdilər. Əmiri və Maliki İranın İraqdakı ən yaxın müttəfiqləri kimi tanınırlar. Həmçinin, İraqın Daxili İşlər Nazirliyinə nəzarət əl-Əmirinin Bədr təşkilatının əlindədir. Müqtəda əs-Sədr isə yeganə şəxsdir ki, İraqda həm ABŞ, həm də İranın
təsirinə qarşı çıxır və müstəqil daxili-xarici siyasət yürüdülməsinin
tərəfdarıdır. Bu səbəbdən, iki blokun hansı şərtlər və güzəştlər
əsasında alyans yaradacaqları maraq doğurur.
Qeyd edək ki, İraqın
329 nəfərdən ibarət yeni parlamenti öz sədrini seçdikdən sonra 30 gün
ərzində ölkə prezidentini seçməli, o isə öz növbəsində baş naziri təyin
etməlidir. İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olmalıdır.
Artıq sentyabrın 15-də İraq
parlamentində keçirilən səsvermədə 5 ərəb namizəddən biri olan sünni
Məhəmməd Halbusi ən çox səs toplayaraq parlamentin sədri seçilib./azvision.az