Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmadakı Rohinca müsəlmanlarının soyqırıma məruz qaldıqlarını bəyan edib. "Washington Post” xəbər verir ki, BMT
İnsan Hüquqları Şurasının Rohinca müsəlmanlarının qırğını üzrə
faktaraşdırıcı missiyası 432 səhifəlik yekun hesabatda Myanmanın Arakan
(Rakxayn ) vilayətinin daimi sakinləri olan müsəlman azlıqlara qarşı
Myanma ordusunun davranışını soyqırım kimi qiymətləndirib. Belə ki,
Myanma ordusunun təcavüzkar hərəkətləri soyqırım aktını təsbit edən 5
maddədən 4-nə uyğun gəlib.
Hesabatda tələb olunur ki, Myanmanın
bütün hərbi rəhbərliyi və ordu komandanlığı Rohinca müsəlmanlarına qarşı
soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə
mühakimə olunmalıdırlar. Həmçinin, BMT
kimi bir qurumun indiyədək Arakanda baş verən insan dramı və soyqırıma
səssiz qalması, Rohincalılara qarşı qırğının ən şiddətli vaxtında sadəcə
baş verənlərdən "narahatlıq keçirdiyini” ifadə etməklə kifayətlənməsi
ciddi şəkildə qınanıb.
BMT-nin
Myanma üzrə faktaraşdırıcı missiyasının üzvləri bu hesabatı 18 aylıq
gərgin və hərtərfəli iş, 850-dən çox detallı və dərin təhlilli
müsahibələr nəticəsində tərtib edərək belə qənaətə gəliblər. Bununla da,
Myanmanın müsəlman azlıqlara qarşı soyqırım həyata keçirdiyi öz
təsdiqini tapıb.
Qeyd
edək ki, əhalisinin əksəriyyəti buddistlərdən ibarət olan Myanmada
hökumət ordusu 2017-ci ilin yayında müsəlman azlıqların yaşadığı Arakan
(Rakxayn ) vilayətinə hücum edərək, Rohincalılara qarşı qırğınlar
törətmiş, kəndləri yandırmışdı. Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) da
öz növbəsində Myanmanın hökumət qüvvələrinə qarşı silahlı müqavimət
göstərmişdi.
Arakandakı qırğınlar nəticəsində minlərlə Rohica
müsəlmanı qətlə yetirilib, 700 mindən çoxu isə qonşu Banqladeşə qaçıb,
yaxud sərhəd əraziyə sığınıblar. Myanma tərəfi bildirib ki, ordu Rohinca
"terrorçularına" qarşı döyüşür və etnik təmizləmə aparmaları ilə bağlı
iddialar yalandır.
BMT-nin
daha əvvəlki hesabatlarına əsasən, Rohincalılar dünyada ən çox təqib
olunan və şiddətə məruz qalan etnik azlıqdır. Myanma hökuməti onlara
vətəndaşlıq verməkdən imtina edir, çünki Rohinca müsəlmanlarını
Banqladeş və digər qonşu ölkələrdən gələn qeyri-leqal miqrantlarlar
hesab edirlər. Bir çox ölkələrin mövqeyinə görə, Rohinca müsəlmanlarına
qarşı baş verənlər soyqırımdır.