Xəzər Xəbər

Kosmosa qeyri-leqal gəmiçiliyi izləyəcək radar peyk göndərildi

Dünya | 22:49 • 17 Sentyabr 2018
Kosmosa qeyri-leqal gəmiçiliyi izləyəcək radar peyk göndərildi

Böyük Britaniya qeyri-leqal gəmiçiliyin qarşısını alacaq "Nova Sar” adlı radar peyki Hindistanın "Satiş Dhavan” kosmodromundan fəzaya göndərib.


Xezerxeber.az BBC-yə istinadən xəbər verir ki, "Nova Sar” bütün hava şəraitində gecə və gündüz Yerin səthini müşahidə edəcək və müvafiq çəkilişlər aparacaq. Kosmos texnologiyası sahəsində britaniyalı mühəndislərin hazırladığı radar peyk Avropa Kosmos Agentliyinin ekspertləri tərəfindən sınaqdan keçirilib. Dəniz və okeanların səthində monitorinq aparacaq peykin radar cihazlarını isə "Airbus” şirkəti istehsal edib. Bütün bu texnologiyalara nəzarət edən qrupun əməkdaşı Luis Qomez bildirib ki, radarlar üçün əsas vəzifə qeyr-leqal gəmiçiliyin qarşısını almaqdan ibarətdir. Belə ki, monitorinq zamanı lisenziyası olmayan və qanunsuz yükdaşımalar həyata keçirən gəmilərlə bağlı məlumatlar Avtomatik Eyniləşdirmə Sistemi vasitəsilə yerə ötürüləcək. "Okeanların geniş ərazisinin kosmosdan monitorinqini aparmaq böyük nailiyyətdir. Müşahidələr zamanı gəmilərin qəzaya uğraması faktları da operativ şəkildə aşkar ediləcək”, -deyə L.Qomez vurğulayıb.


"Airbus” şirkətinin nümayəndəsi Martin Koen bildirib ki, "Nova Sar” bu missiyanın yerinə yetirilməsi prosesində ilk addımdır. Onun sözlərinə görə, gələcəkdə texnoloji baxımdan daha mükəmməl və portativ peyklərin buraxılması üzrə yeni proqram hazırlanır.


"Nova Sar” 3,2 GHz radiotezlik dalğalarında 15-20 kilometrlik ərazidə HD formatında ani çəkilişləri göndərə bilir. Gələcəkdə növbəti peyklərin "X-band” ən yüksək tezliyində foto və video materiallar göndərəcyi bildirilir.

Xəbər lenti