Xəzər Xəbər

Qazaxıstan şayiələri təkzib edib

Dünya | 16:01 • 17 Sentyabr 2018
Qazaxıstan şayiələri təkzib edib

Qazaxıstan hökuməti Xəzər dənizində ABŞ hərbi bazalarının yerləşdirildiyi barədə şayiələri təkzib edib.


AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumatları şayiə adlandıran informasiya və kommunikasiya naziri Dauren Abayevin sözlərinə görə, ölkəsi regionda xarici hərbi bazaların mövcudluğuna yol verə bilməz.


2018-ci ilin aprel ayında Qazaxıstan parlamentinin senatı ABŞ-ın Əfqanıstana göndərəcəyi xüsusi yüklərin kommersiya tranzitinin təmin olunması barədə qanun layihəsini təsdiqləyib. Bu məqsədlə Xəzər dənizində yerləşən Aktau və Kurık limanları Amerikanın qeyri-hərbi yüklərinin Əfqanıstana çatdırılması üzrə marşruta daxil edilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə Qazaxıstanın Xəzər dənizindəki limanlarından istifadə imkanı verildiyi barədə şayiələrin yaranmasına da bu səbəb olub.


Qazaxıstanın informasiya naziri Aktau konvensiyasının Xəzər hövzəsinə daxil olmayan ölkələrin silahlı qüvvələrinin və gəmilərinin Xəzər dənizində mövcudluğunu qadağan etdiyini xatırladıb.

Xəbər lenti