Xəzər Xəbər

Zəlzələnin Hokkaydo adasına vurduğu zərərin məbləği açıqlanıb

Dünya | 15:07 • 17 Sentyabr 2018
Zəlzələnin Hokkaydo adasına vurduğu zərərin məbləği açıqlanıb

Hokkaydo adasının hakimiyyət orqanlarının bildirdiyinə görə, cari ayda baş vermiş güclü zəlzələ nəticəsində prefekturanın meşə, kənd təsərrüfatı və balıqçılıq sahələrinə 350 milyon dollardan çox iqtisadi zərər dəyib.


Sentyabrın 6-da baş verən yeraltı təkanlar Atsuma, Abira və Mukava şəhərlərinin dağlıq meşələrinə 200 milyon dollar məbləğində zərər vurub. Dağlıq ərazilərdəki yollara dəyən zərərin isə 40 milyon dollardan çox olduğu bildirilir.


Bununla yanaşı, yerli fermerlərə əkin sahələrini və irriqasiya kanallarını bərpa etmək və palçıqdan təmizləmək üçün 80 milyon dollar lazımdır. Adada elektrik enerjisinin kəsilməsi heyvandarları təqribən 19 milyon dollar dəyərində südü məhv etməyə məcbur edib. Bəzi fermalarda dağıntılar zamanı heyvanlar da həlak olub.


Prefekturanın balıqçılıq təsərrüfatlarına dəyən zərər isə 9 milyon dollar təşkil edib. Rəsmi nümayəndələrin bildirdiyinə görə, təbii fəlakət yetişdirilən balıqların və dəniz kirpilərinin məhvinə səbəb olub, dondurulan dəniz məhsulları isə əridiyinə görə yararsız vəziyyətə düşüb.


Hakimiyyət strukturları tərəfindən dəyən zərərin təhlili davam etdirildiyinə görə, bütün sahələrdə onun artacağı gözlənilir. (AZƏRTAC)

Xəbər lenti