Müstəqilliyi dünya
dövlətlərinin bir qismi tərəfindən tanınan Kosovanın hökuməti
təhlükəsizlik qüvvələri bazasında vahid ordunun yaradılması barədə qərar
qəbul edib. Bu barədə "RTK2” telekanalı məlumat yayıb. Qeyd olunur ki,
Kosova hökuməti təhlükəsizlik qüvvələrinin Müdafiə Nazirliyi formasında
yenidən qurulmasına dair 3 qanun layihəsi qəbul edib.
Kosovanın
baş naziri Ramuş Haradinayın sözlərinə görə, Kosovanın öz ordusunun
yaradılmasının zamanı yetişib və bu məsələ ilə bağlı xarici tərəfdaşları
ilə məsləhətləşmələr aparılır. O, urğulayıb ki, Kosovanın ordusu NATO standartları üzrə formalaşdırılacaq və müxtəlif etnik qrupların nümayəndələrini özündə birləşdirəcək.
Kosovanın
vahid ordusunun yaradılması Haradinayın seçkiqabağı vədlərindən biri
olub və 2017-2021-ci illər üzrə onun hökumət proqramının hədəflərindən
biridir. Lakin Kosova prezidenti Haşim Taçi bu məsələ barəsində tələsik
və uyğun olmayan bir vaxtda qərar verildiyini bəyan edib.
BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə rəğmən ABŞ
Kosova ordusunun yaradılmasını dəstəkləyir. Lakin Vaşinqtonun fikrincə,
bu addım Kosova konstitusiyasına müvafiq dəyişiklik yolu ilə həyata
keçirilməlidir. Rusiya isə hesab edir ki, Kosovada vahid ordunun
formalaşdırılması onsuz da gərgin olan bölgədə təhlükəli nəticələrə
səbəb ola bilər.
Qeyd edək ki, Kosova 2008-ci ildə öz
müstəqilliyini elan edib və o vaxtdan etibarən dünyanın 114 ölkəsi
Kosovanı müstəqil dövlət kimi tanıyıb. Kosovada yaşayanların təqribən 90
faizi müsəlman albanlardır. Burada həmçinin, serblər, terklər və
qaraçılar da yaşayır. Azərbaycan Respublikası Kosovanın müstəqilliyini
tanımır.