Xəzər Xəbər

Filippinə güclü tufan yaxınlaşır

Dünya | 15:18 • 13 Sentyabr 2018
Filippinə güclü tufan yaxınlaşır

Filippinli sinoptiklər "Manqhut” tufanının ölkəyə yaxınlaşması ilə əlaqədar sakinləri ehtiyat tədbirləri görməyə çağırır.


AZƏRTAC yerli kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, ölkə istiqamətində hərəkət edən tufanın Filippinin şimalındakı Luson adasına şənbə günü çatacağı gözlənilir.


Tufanın özü ilə daşqınlar, qasırğa gətirəcəyi və tikililərə güclü ziyan vuracağı gözlənilir. Tufanın hərəkət istiqamətində olanlara təxliyə olunmaq və ya digər ehtiyat tədbirləri görmək tövsiyə olunur.


Filippin KİV-lərinin mütəxəssislərə istinadla yaydığı məlumata görə, "Manqhut” tufanının 2013-cü ildə baş vermiş, 7300 nəfərin ölümü və itkin düşməsi ilə nəticələnmiş "Hayan” tufanı qədər güclü olacağı bildirilir.


Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, sentyabrın 13-də səhər saatlarında "Manqhut” tufanının Filippinin şərqindəki Sakit okean regionunda olduğu və saatda 25 kilometr sürətlə qərb istiqamətində hərəkət etdiyi bildirilir.


Tufanın mərkəzində atmosfer təzyiqinin 905 hektapiksel təşkil etdiyi, küləyin sürətinin isə saatda 198 kilometrə çatdığı qeyd edilir.


Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 15-də Luson adasına çatan tufan günün sonunadək adanı keçərək, bazar günü Honkonqa çata bilər.

Xəbər lenti