Xəzər Xəbər

Dünyada doqquz insandan biri aclıq çəkir

Dünya | 12:34 • 12 Sentyabr 2018
Dünyada doqquz insandan biri aclıq çəkir

Son onillikdə aclığa qarşı mübarizədə beynəlxalq səylər ilk dəfə olaraq səmərəsiz qaldı və aclıq çəkən insanların sayı artdı.


AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına istinadla xəbər verir ki, 2016-cı ildən 2017-ci ilədək planetdə aclıqdan əziyyət çəkən insanların sayı 17 milyon artaraq 804 milyondan 821 milyona çatıb. Bu məlumat təşkilatın "Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət - 2018” adlı məruzəsində yer alıb. Aclıq keçirən insanların sayı son üç ildə çoxalıb və keçmiş onilliklərin səviyyəsinə çatıb. Məruzədə qeyd olunur ki, 2030-cu ilədək dayanıqlı inkişafın "Sıfır aclıq” məqsədinə çatmaq üçün təcili tədbirlərin görülməsi vacibdir.


Beləliklə, Yer üzündə 7,44 milyard insanın yaşadığını nəzərə alaraq demək olar ki, orta hesabla 9 nəfərdən biri aclıq içindədir. Sənəddə göstərilib ki, Afrikada və Cənubi Amerikada ərzaq çatışmazlığı kəskin hiss olunur. Eyni zamanda, Asiyada aclığın aradan qaldırılması çox yavaşıyıb.


Tədqiqat müəllifləri bu cür dəyişiklikləri iki səbəblə - iqlim dəyişikliyi və hərbi münaqişə zonalarının genişlənməsi ilə əlaqələndirirlər.

Xəbər lenti