Xəzər Xəbər

Rusiya və Əsəd bombalayır, Türkiyə hücuma hazırlaşır Dünyanı qorxuya salan DƏHŞƏT QAPIDA

Dünya | 18:05 • 11 Sentyabr 2018
Rusiya və Əsəd bombalayır, Türkiyə hücuma hazırlaşır
Rusiya və Bəşər Əsədin İdlib və Hama bölgəsinə havadan və qurudan hücumları davam edir. Dünən səhər saatlarında Rusiya və Əsəd rejiminə məxsus döyüş təyyarələri İdlibin cənubundakı Habit, Carcanaz, Hiş, Temenia və Hamanın Latamne bölgələrini bombaladı. Nəticədə 17 mülki vətəndaş həyatını itirdi. Yaralılar arasında Carcanaz və Hiş kəndində bombalanan 4 məktəbdəki 6 uşaq da var. Əsəd rejimi havadan hücumla yanaşı, müxaliflərin nəzarətindəki kəndləri qurudan da top atəşinə tutur. Bununla yanaşı, Əsəd rejimi "Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən bölgələrin qarşısındakı cəbhəyə əsgər və hərbi texnika toplayır.

Bu ayın əvvəlindən etibarən İdlibin qərbi, cənub-qərbi və hamanın şimal bölgələrinə edilən hücumlar nəticəsində 29 mülki vətəndaş həyatını itirib, 70 nəfərdən çox insan yaralanıb.

Əsəd rejimi və Rusiya təyyarələrinin əsas hədəfi 4 bölgədir. Bu bölgələrdə təxminən 1 milyon mülki vətəndaş yaşayır.

"Qızıl Ay” cəmiyyəti mümkün köç dalğasına görə Türkiyə sərhədində 300-500 min nəfərlik düşərgələr yaradıb.

Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Murat Aslan deyir ki, Tehran zirvəsi İdlib probleminin hərbi yolla həll edilməməsi üçün Türkiyəyə vaxt qazandırdı: "Rusiya öz hərbi bazalarına edilən hücumlara son qoymaq istəyir. Əsəd rejimi İdlibdəki müxalifləri sıradan çıxarmaq və kimyəvi silah təhdid ilə insanları qorxutmaq istəyir. İran ABŞ və İsrailə qarşı bölgədə əlini gücləndirmək istəyir. İdlibə hərbi müdaxilə olacaqsa, burada itirən Türkiyə və şəhərdəki mülki vətəndaşlar olacaq. Bunun qarşısını almaq istəyən Türkiyə Milli Qurtuluş Cəbhəsi üzərində bölgədəki hərbi qrupları atəşkəsə inandırmağa çalışır. Mümkündür ki, Türkiyənin bu cəhdləri baş tutsun. Bununla yanaşı, Türkiyə son mərhələdə İdlibə müdaxilə etmə seçimini də əlinin altında saxlayır. Nəticə etibarilə Suriya rejiminin İdlibə müdaxiləsi Türkiyə üçün də həmişə riskli olacaq”.

Türkiyə Ordusu və kəşfiyyat-təhlükəsizlik gücləri İdlibə hərbi müdaxilə nəticəsində yarana biləcək köç dalğasını Suriyanın içində yerləşdirmək üçün xüsusi yerlər yaratmağı planlaşdırır.

Almaniya da Suriyaya müdaxiləyə qoşula bilər. Bu ölkənin "Bild” qəzeti yazır ki, Suriyada yenidən kimyəvi silah hücumu olarsa, Berlin hücum hərəkatına qoşula bilər.

Avropa Komissiyasının sözçüsü Maja Koçikançiç isə bəyan edib ki, "Hücum dəhşətli humanitar fəlakətə yol açacaq”.

Türkiyə müdafiə naziri Hulusi Akar atəşkəsin bağlanmasını və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Astana prosesi nəticəsində Suriyada atəşkəs rejimi əldə olunub. Bu atəşkəsin davam etməsini istəyirik. İdlibə havadan və qurudan edilən bütün hücumların dərhal dayandırılması və atəşkəsin təmin edilməsi prioritet hədəfimizdir. Təkcə kimyəvi silah yox, digər silahlarla da məsum insanların öldürülməsinə qarşıyıq”, - deyə Akar bəyan edib.

BMT-nin humanitar işlər üzrə nümayəndəsi Mark Lovcok bəyan edib ki, İdlibə geniş çaplı hərbi müdaxilə XXI əsrin ən böyük humanitar fəlakəti ola bilər./publika.az

Xəbər lenti

Çox oxunanlar