Xəzər Xəbər

ABŞ Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlara 1,5 trilyon dollar xərcləyib

Dünya | 14:37 • 11 Sentyabr 2018
ABŞ Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlara 1,5 trilyon dollar xərcləyib

ABŞ-ın Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatları amerikalı vergi ödəyicilərinə ümumilikdə 1,501 trilyon dollara başa gəlib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun məruzəsi əsasında CNBC telekanalı yayıb. Hesablamalar cari ilin mart ayının sonuna qədər olan müddəti əhatə edir.


Hərbi xərclərin böyük hissəsi İraqda keçirilən əməliyyatlara sərf olunub – təxminən 731 milyard dollar və ya ümumi məbləğin 49 faizi. Əfqanıstan müharibəsi 584,3 milyard dolara (ümumi məbləğin 39 faizi), bu ölkədə müharibənin hazırkı mərhələsi təxminən 134,3 milyard dollara başa gəlib. Ən az vəsait isə Suriyadakı kampaniyaya ayrılıb – təxminən 23,5 milyard dollar.


2001-ci ilin oktyabr ayında başlayan Əfqanıstan müharibəsi ABŞ Silahlı Qüvvələrinin bütün tarixi ərzində ən uzunmüddətli hərbi kampaniyadır. Hazırda bu ölkədə 14 min amerikalı hərbçi yerləşir. Müharibənin ən qızğın dövrünə təsadüf edən 2011-ci ildə ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı 101 min nəfər idi.


ABŞ 2003-cü ilin martında Səddam Hüseyni devirmək məqsədi ilə İraqa müdaxilə edib, 2014-cü ilin sentyabr ayında isə Suriyada İŞİD qruplaşmasını bombalamağa başlayıb. Ümumilikdə 2 milyon amerikalı əsgər və zabit Əfqanıstan və İraq müharibələrindən keçib. Rəsmi məlumatlara əsasən, Pentaqonun bu kampaniyalarda, həmçinin İŞİD qruplaşması ilə mübarizədə itkiləri 6,8 min nəfərə çatıb, 52,3 min hərbçi isə yaralanıb.

Xəbər lenti