Xəzər Xəbər

17 il davam edən rəsmi yanlışlıq?

Dünya | 14:17 • 10 Sentyabr 2018
17 il davam edən rəsmi yanlışlıq?

"Amerikalı rəsmilər 17 ildir Əfqanıstandakı vəziyyətin irəliləyişinə dair şişirdilmiş və yanlış hesabatlar yayımlayaraq, ictimaiyyəti yanlış yönləndirdi”.

Bu ifadələr "New York Times”da yayımlanan məqalədə qeyd edilib.

ABŞ-ın Əfqanıstan hökumətinin ölkənin 56%-ni nəzarəti altında saxladığını söylədiyi xatırladılan məqalədə, bunun əksinə hökumətin sadəcə 29% ərazilərə nəzarət edə bildiyi qeyd olunub.

Bundan başqa Əfqanıstandakı qarşıdurmalarda 2200 ABŞ əsgərinin öldüyünə, ABŞ-ın "Taliban”la mübarizəsi və ölkəni yenidən inşa etmək üçün 840 milyard dollar xərclədiyinə toxunulan yazıda bu rəqəmin İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Avropanın yenidənqurması üçün "Marşal Planı” çərçivəsində xərclənən rəqəmdən daha çox olduğu vurğulanıb.

Məqalədə ABŞ vətəndaşlarının etirazından dolayı ABŞ hökumətinin "Taliban”ın məğlub olması ilə bağlı təsəvvür formalaşdırmaq istədiyi, lakin son bir ilin "Taliban”ın 2001-ci ildən sonrakı dövrdəki ən çox ərazi keçirməsi ilə yadda qaldığı göstərilib.

ABŞ hökumətinin 2010-cu ildə yayımladığı hesabatda əfqanların orta ömür müddətinin 63 olduğu göstərilib. Bu məsələyə də toxunan məqalədə Dünya Səhiyyə Təşkilatının 2009-cu ildəki hesabatında Əfqanıstandakı orta ömür müddətinin 48 olduğu diqqətə çatdırılıb və uşaq ölümlərinin çox yüksək olduğu vurğulanıb.

Həmçinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də ötənilki hesabatında Əfqanıstandakı orta ömür müddətinin 51 olduğunu bildirib. (ordu.az)

Xəbər lenti