Ermənistanın ikinci
prezidenti Robert Koçaryan "Yerkir Media” telekanalına müsahibə verərək
böyük siyasətə geri dönməsinin səbəblərini açıqlayıb.
Koçaryan nəinki Ermənistanda, o cümlədən regionda baş
verən proseslərdən, xüsusilə də Dağlıq Qarabağ ətrafında yaranmış yeni
vəziyyətdən və İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya
münasibət göstərməsindən narahat olduğunu bildirib.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hökuməti mövcud vəziyyətə
nəzarət edə bilmir və bütün təhdidləri adekvat qiymətləndirməyi
bacarmır.
"Siyasətə qayıtmağımın ən vacib səbəbi geosiasi
vəziyyətdir. Xəritəyə baxın və görün ki, Ermənistan hansı ölkələrlə
əhatə olunub. Türkiyə 10 il əvvəlki ölkə deyil. İndi Türkiyə tam şəkildə
müstəqildir və biz görürük ki, o qonşuları ilə özünü necə aparır. Biz
Türkiyənin Azərbaycanla münasibətlərindən və həll olunmamış Qarabağ
münaqişəsindən də haliyik. Və bunların hamısını bir yerə toplayaraq
yaranan geosiyasi mənzərəyə baxın, görün nə deməkdir. Ermənistanın yeni
hökuməti bütün bunları dərk etmir”, – deyə Koçaryan bildirib.
Sabiq
prezidenti onu da vurğulayıb ki, ordunu və Müdafiə Nazirliyinin yüksək
rütbəli zabitlərinin fəaliyyətini gözdən salmaq, onlara qarşı etibarsız
münasibət sərgiləmək olmaz və bu, qətiyyən yolverilməzdir: "Hazırkı
hökumət özünü ordudan uzaq tutur və anlamır ki, bu cür vəziyyətdə bizim
dövlətçiliyimizin qarantı yalnız güclü ordudur. Hökumət Ermənistanın
uzun illər boyu çətinliklə nail olduğu balansı pozan addımlar atır.”
Koçaryanın
fikrincə, baş nazirin Ermənistanın imicinə zərbə vuran hərəkətləri
şübhə doğurur. Bu kontekstdə o, hətta Paşinyanın dolayısilə
Azərbaycandan maliyyələşdiyini də istisna etməyib.
"Yeni
hökumətin təcrübəsi yoxdur, mən bu məsələdə onları qınamıram. Axı
Sorosun qrantları hesabına QHT-lərdə tamam başqa işlərlə məşğul olan bir
adamda hansı təcrübə olacaq ki? Zənnimcə, maliyyə mənbəyinin kimliyi
artıq bu barədə hər şeyi deyir. Bəlkə həmin mənbə Azərbaycandan, bəlkə
də müxtəlif fondlar vasitəsilə Türkiyədəndir”, – deyə Koçaryan
şübhələnib.
Sabiq prezident qeyd edib ki, məqsədyönlü şəkildə
ordunu dağıtmaq və hərbçiləri konstitusiya quruluşunun devrilməsində
ittiham etmək Ermənistanın müdafiəsi məsələsinə ciddi xələl gətirib.
Bütün bunlar Paşinyan hökumətinin məsuliyyətsiz addımlarıdır. /azvision.az