İtaliyanın şimalındakı
Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində ölənlərin
sayı hazırda 38 nəfərdir. 15 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti
ağırdır. Bu barədə İtaliyanın "Rai” dövlət televiziyasının canlı
efirində jurnalistlərin sualını cavablandıran baş nazir Cüzeppe Konti
məlumat verib.
Onun sözlərinə görə, faciə nəticəsində çox sayda
insan itkin düşüb və hazırda onların axtarışı davam etdirilir. Konti
həmçinin deyib ki, körpünün çökməsi nəticəsində ölənlərin dəfn mərasimi
şənbə günü dövlət tərəfindən keçiriləcək. Həmin gün İtaliyada milli
matəm elan olunacaq. Bundan əvvəl isə Genuya prefekturası körpü faciəsi
nəticəsində ölənlərin 39 nəfər olduğunu bildirmişdi.
İtaliyanın
baş naziri faciənin bütün məsuliyyətini ölkənin avtomobil yollarının
idarəsi ilə məşğul olan "Autostrade per l'Italia” şirkətinin üzərinə
qoyub. O bildirib ki, hökumətlə bağladığı sazişə müvafiq olaraq körpünün
tikilməsinə həmin şirkət cavabdeh olub. Baş verən insidentlə əlaqədar
Konti artıq bu kompaniya ilə müqavilənin dayandırılması və ona qarşı 150
milyon avro məbləğində sanksiyanın tətbiqi barədə göstəriş verdiyini
deyib.
Xatırladaq ki, avqustun 14-də səhər saatlarında Genuya
şəhərindəki avtomobil körpüsünün 200 metrlik hissəsi yüz metr
hündürlükdən aşaraq onun altında yerləşən yaşayış evlərinin və
dəmiryolunun üzərinə çöküb. İnsident zamanı körpünün üzərində 30-dan çox
avtomobil olub. Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib ki,
avtomobil körpüsünün uçması insan səhvi üzündən baş verib.