Avropa İttifaqı
Komissiyası Polşada məhkəmə islahatlarına İttifaqın tələblərinə uyğun
formada düzəliş edilməsi üçün rəsmi Varşavaya 1 ay vaxt verib. Bununla
da, Polşaya qarşı intizam prosedurunun ikinci mərhələsi işə düşüb. XəzərXəbər xəbər verir ki, bu barədə Avrokomissiyanın rəsmi saytında məlumat yerləşdirilib.
"Əgər Polşa hakimiyyəti müvafiq tədbirlər görməsə, Avrokomissiya işin Avropa məhkəməsinə verilməsi barədə qərar qəbul edə bilər.” – deyə, məlumatda Varşavaya xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən ilin dekabrında Avrokomissiya Polşanın Avropa
İttifaqı Şurasındakı səsvermə hüququnun əlindən alınmasına gətirib
çıxara biləcək prosedur başladıb. Brüssel bəyan edir ki, bir sıra
qanunverici dəyişikliklər qəbul etməsinə baxmayaraq, Polşa məhkəmə islahatları sahəsində başlıca tələbləri hələ də yerinə yetirmir. İyulda Polşada
Ali Məhkəmə haqqında yeni qanun qüvvəyə minib. Qanuna əsasən, məhkəmə
işçiləri və hakimlər 65 yaşında istefa verməlidirlər. Lakin səhhəti
barədə ərizə təqdim edən və şəxsən prezidentə müraciət edənlər
vəzifələrində qala bilərlər. Avrokomissiyada hesab edirlər ki,
Varşavanın islahatlar çərçivəsində qəbul etdiyi qərarlar Polşada qanunun aliliyi prinsipini pozur və məhkəmə hakimiyyəti üzərində siyasi nəzarəti gücləndirir.