İranın Müdafiə Nazirliyi yeni nəsil "Fateh” ballistik raketini təqdim edib.
"Jerusalem Post" xəbər verir ki, silahın təqdimatında iştirak edən İranın
müdafiə naziri Əmir Hatəmi raketin yüz faiz yerli istehsal olduğunu
bildirib. "Al-Mobeen”, yaxud "İlahi fəth” adlandırılan ballistik raket
yaxın mənzillidir və 300-500 kilometr zərbə radiusuna malikdir.
Hatəminin sözlərinə görə, raket artıq sınaqdan keçirilib və ordunun
ixtiyarına verilmək üçün tam hazır formadadır.
İranın
müdafiə naziri onu da əlavə edib ki, yeni nəsil "Fateh” ballistik
raketi radarlardan yan keçməyə və hədəfə dəqiq zərbələr endirməyə
qadirdir.
"Müdafiə Nazirliyinin aerokosmik şirkəti Silahlı Qüvvələrimizin bütün praktiki tələbatını təmin etməyə qadirdir. Yeni raketlərin kütləvi istehsalı İrana
öz müdafiə qabiliyyətini gücləndirməkdə böyük uğurlar gətirəcək. Güclü,
ağıllı və müasir müdafiə sənayemiz regionda sülh və sabitliyi qorumağa
kömək edəcək. Düşmənlərimiz İranın
hərbi gücündən agah olacaqlar. Biz raket sənayemizi inkişaf etdirməkdən
heç zaman imtina etməyəcəyik.” – deyə, Hatəmi bildirib.
Onu da vurğulayıb ki, İrana
qarşı təzyiqlər və psixoloji müharibələr nə qədər çox olsa, o, bütün
sahələrdə öz müdafiə gücünü də bir o qədər möhkəmləndirəcək. /azvision.az