Xəzər Xəbər

Ermənistan vətəndaşlarına ən çox Şengen vizası verməkdən imtina edirlər

Dünya | 12:36 • 9 Avqust 2018
Ermənistan vətəndaşlarına ən çox Şengen vizası verməkdən imtina edirlər

Almaniyaya turizm məqsədi ilə Şengen vizasını rəsmiləşdirmək Rusiya və Belarus vətəndaşlarına Ermənistan və Mərkəzi Asiya ölkələri sakinlərindən daha asandır. 


Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC AFR Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.


Almaniyaya getmək üçün sənədlər bütövlükdə iki tipdə olur: birincisi "C” kateqoriyalı Şengen vizasıdır. Qısamüddətli səyahətlər, məsələn, turist kimi, şəxsi məqsədlərlə səfərlər, yaxud hər hansı rəsmi tədbirdə iştirak etmək üçün bu vizadan istifadə edirlər. Belə vizanın sahibinə Şengen zonasında yarım il ərzində 90 günə qədər qalmaq hüququ verilir.


Amma əgər səfər Almaniya ərazisində işləmək, təhsil almaq və ya ailənin birləşməsi məqsədi ilə daha uzun müddət qalmağı nəzərdə tutursa, onda "D” kateqoriyalı viza rəsmiləşdirilməlidir. Bu viza AFR-da bir neçə aydan bir neçə ilə qədər fasiləsiz yaşamaq hüququ verir.


Qeyd etmək lazımdır ki, Avropa İttifaqına getmək üçün viza keçmiş SSRİ-nin heç də bütün ölkələrinin sakinlərinə tələb olunmur. Məsələn, 2004-cü ildən Aİ-nin üzvü olan Baltik dövlətlərinin vətəndaşlarının sərbəst yerdəyişmə hüququ var. Onlar Avropa İttifaqının üzvü olan hər hansı ölkədə işləmək üçün Aİ-nin bu və ya digər dövlətinin vətəndaşları ilə bərabər hüquqa malikdirlər. Ukrayna, Moldova və Gürgüstan pasportlarının sahibləri də Şengen zonası ölkələrinə vizasız gedə bilərlər.


AFR XİN-nin statistikasına görə, Almaniyada çox vaxt Rusiya vətəndaşları istirahət edirlər. 2008-2017-ci illər dövründə rusiyalılar Almaniyaya turizm vizalarının rəsmiləşdirilməsi üçün 3,5 milyondan çox müraciət ediblər. Onların ardınca Belarus (635 min) və Qazaxıstan (367 min) vətəndaşları gəlir.


Postsovet ölkələri vətəndaşları bütövlükdə AFR-ə turizm vizalarının rəsmiləşdirilməsi üçün müraciətlərinin rədd ediləcəyindən ehtiyat etməməlidirlər. Adətən, bu qəbildən olan insanların ərizələrindən 90 faizindən çoxu təmin olunur. Doğrudur, Rusiya və Belarus turistlərinin viza almaq şansları daha yüksəkdir. Son 10 ildə bu ölkələrin vətəndaşlarına verilən rədd cavablarının payı 3 faizdən çox olmayıb.


Ermənistan bu siyahının sonuna başçılıq edir: bu ölkənin vətəndaşlarının viza almaq müraciətlərinin 8 faizindən çoxu rədd edilir.


Almaniya XİN-də ümumi sözlərlə kifayətlənərək, rədd cavablarının konkret səbəblərini açıqlamaqdan imtina ediblər. İdarədən bildiriblər ki, viza verilməsi barədə qərarı AFR-in konkret ölkədəki səfirliyi obyektiv meyarlar əsasında qəbul edir.


Məsələn, viza almağa namizəd sübut etməlidir ki, Almaniyaya səfər etmək üçün yetərində pul vəsaitinə malikdir, yaxud orada onun bütün xərclərini öz üzərinə götürməyə hazır olan dostları və qohumları var. Nazirlik viza verilməsi barədə qərarın çox vaxt insanın hansı ölkənin vətəndaşlığını daşımasından asılı olması barədə fərziyyəni təkzib edib.


Bununla belə, ekspertlər hesab edirlər ki, bu, heç də həmişə həqiqətə uyğun deyildir. Bəzi tədqiqatlarda qeyd edilir ki, Qərb ölkələri viza vermək barədə qərar qəbul edərkən çox vaxt qeyri-rəsmi meyarlardan çıxış edirlər. Məsələn, rədd cavabının əsasında konkret ölkədə daxili siyasi və iqtisadi vəziyyətin əlverişsiz, mühacirət sürətinin və terror təhlükəsi səviyyəsinin yüksək olması kimi səbəblər dayana bilər.

Xəbər lenti