BMT-nin baş katibi Antonio Quttereş və Yaponiyanın xarici işlər naziri Taro Kono BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaları nəzərdə tutan qətnaməsinin yerinə yetirilməsinin davam etməsinin vacibliyi barədə razılığa gəliblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Yaponiyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
Quttereş və Kono 1945-ci ildə baş verən atom bombardmanı qurbanlarının Naqasaki şəhərində keçirilən xatirə mərasimində görüşüb.
Qeyd edək ki, BMT-nin Baş katibi bir qədər əvvəl NHK telekanalına müsahibəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi üçün vacib olacağı təqdirdə KXDR-ə səfər etməyə hazır olduğunu bildirmişdi.