Xəzər Xəbər

İsveç “Petriot” HHM sistemi almaq qərarına gəlib

Dünya | 12:34 • 3 Avqust 2018
İsveç “Petriot” HHM sistemi almaq qərarına gəlib

İsveç hökuməti Amerikada istehsal edilən "Petriot” hava hücumundan müdafiə sistemi almaq qərarına gəlib.


AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, gözlənildiyinə görə, bu haqda kontrakt həftənin sonuna qədər imzalanacaq.


İsveç hökuməti Krallığın silahlı qüvvələrinin maddi-texniki təchizatının idarə edilməsi məsələləri ilə bilavasitə məşğul olan bölməsinə müvafiq prosedurun başlanmasını tənzimləyən tapşırıq verib. Bundan əlavə, hökumət Krallığın silahlı qüvvələrinin həmin idarəsinin İsveç hökuməti adından "Petriot” sisteminin alınması barədə ABŞ ilə saziş bağlamasına icazə verməyi qərara alıb.


Yerli mətbuat xəbər verir ki, bu qərarın qəbul edilməsi heç də sadə proses olmayıb. Hökumət mühafizəkar müxalifətçi partiyalarla uzun-uzadı danışıqlar aparır və sonda belə bir qərar qəbul edilib. Amerika tərəfi ilə danışıqlardan sonra İsveçə bu sistemin dörd batareyasını və iki raket tipini dəst halında almaq təklif olunub. Bundan əlavə, İsveç hərbçiləri müxtəlif texniki avadanlıq da almalı və heyətin təlim keçməsi haqqını ödəməlidir. Yeni HHM sisteminin İsveç ordusuna 2020-2025-ci illərdə daxil olması gözlənilir.


Xatırladaq ki, "Petriot” HHM sistemləri Almaniya, Niderland, Yaponiya, İsrail, Yunanıstan, İspaniya, Səudiyyə Ərəbistanı və bəzi başqa ölkələrin silahlı qüvvələrində tətbiq olunur.

Xəbər lenti

Çox oxunanlar