Xəzər Xəbər

Sarkisyan istintaqa çağırılacaq

Dünya | 16:32 • 2 Avqust 2018
Sarkisyan istintaqa çağırılacaq

Ermənistan Xüsusi İstintaq İdarəsinin rəhbəri ölkədə konstitusiya quruluşunun devrilməsi işi üzrə sabiq prezident Serks Sarkisyanın və sabiq baş nazir Ovik Abramyanın istintaqa çağırılacağını istisna etmir.


Xezerxeber.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Xaçatryan məlumat verib. O deyib: "İstintaqa çağırılmanın zəruriliyini müstəntiq müəyyənləşdirir. Mən bir neçə dəfə demişəm ki, əgər hər hansı vəzifəli şəxs dəyərli məlumat verə bilərsə, o, sorğu-sual ediləcək”.


2008-ci il 1 mart etiraz aksiyalarının dağıdılması barədə cinayət işi çərçivəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryana, sabiq müdafiə naziri Mikael Arutyunyana və 2008-ci ildə Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova Konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.


2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Serj Sarkisyana uduzduqdan sonra Yerevanın mərkəzində mitinq keçirərək səsvermənin rəsmi yekunlarına etirazını bildirib. Martın 1-2-də keçirilmiş aksiyalarda mitinqçilərlə asayiş keşikçiləri arasında qarşıdurmada on nəfər ölüb, 200-dək insan yaralanıb.


Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan o zaman Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. O, hüquq -mühafizə orqanları tərəfindən axtarışa verilmiş və 2009-cu ildə hökumətə təslim olmuşdu. 2010-cu il yanvarın 19-da Yerevan məhkəməsinin qərarı ilə Paşinyan kütləvi iğtişaşlar təşkil etdiyinə görə 7 il azadlıqdan məhrum edilib, 2011-ci ildə amnistiyaya əsasən azadlığa buraxılıb.

Xəbər lenti