Xəzər Xəbər

Rincani dağından min nəfərdən çox insan təxliyə olunub

Dünya | 14:14 • 1 Avqust 2018
Rincani dağından min nəfərdən çox insan təxliyə olunub

İndoneziyada Rincani dağından min nəfərdən çox insan təxliyə olunub.


AZƏRTAC xəbər verir ki, bu barədə "Jakarta Post” qəzeti Lombok Milli Parkının rəhbərliyinə istinadla məlumat yayıb.


Milli parkın nümayəndəsinin bildirdiyinə görə, dağdan ümumilikdə 1090 nəfər təxliyə edilib. Parkın rəhbərinin sözlərini sitat gətirən qəzet yazır: "Sonuncu təxliyə bir saat bundan əvvəl həyata keçirilib. Əməliyyat zamanı yeddi nəfər yerli alpinist aşkar olunub. Xilasetmə əməliyyatları sonuncu şəxs təxliyə olunanadək davam etdiriləcək”.


Xatırladaq ki, iyulun 29-da Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələnin yaratdığı torpaq sürüşməsi nəticəsində Rincani dağı rayonunda dağılmış evlərin altından 16 cəsəd çıxarılıb, 100-dən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Əcnəbilər də daxil olmaqla, dağa qalxan yüzlərlə insan torpaq sürüşməsi nəticəsində yamaclarda qalıb. Onların təxliyəsi üçün əməliyyatlara bazar günü başlanıb.


Nəşrin bildirdiyinə görə, zəlzələ vaxtı dağın başında olanların sayı daha çox ola bilər. Belə ki, bir neçə gün əvvəl dağın zirvəsinə qalxanlar enmək üçün kifayət qədər vaxta malik olmayıblar.

Xəbər lenti