Xəzər Xəbər

Ermənistan baş nazirinin müavini: “Yuxarı Lars məntəqəsindəki problem mallarımızın ixracına mane olur”

Dünya | 14:46 • 19 İyul 2018
Ermənistan baş nazirinin müavini: “Yuxarı Lars məntəqəsindəki problem mallarımızın ixracına mane olur”

"Ermənistan Yuxarı Lars yoluna alternativ yolla bağlı məsələnin bu ilin payızında həll olunacağına ümid edir”.

APA-nın yerli bürosu Gürcüstanın İctimai Televiziyasına istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müşaviri Arsen Xaratyan deyib.

O bildirib ki, mümkün alternativ yolla bağlı danışıqlar Gürcüstan və Rusiya ilə aparılır: "Ermənistan yüklərin monitorinqi ilə bağlı İsveçrə şirkəti ilə razılaşmadan sonra bu məsələdə yeniliklərin olacağını gözləyir”.

A. Xaratyan Yuxarı Lars yolunda çox ciddi tıxacların olduğunu deyib: "Son aylar ərzində maşınlar 10 saata yaxın gözləməli olub. Hər hansı bir həll yolunu tapmaq lazımdır”.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan isə bildirib ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsindəki problem Ermənistandan malların ixracına mane olur: "Bu yolda problem olmasa, Ermənistandan Avrasiya İqtisadi Birliyi ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artar”.

Qeyd edək ki, Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol Gürcüstan ərazisindən - Yuxarı Larsdan keçir. Bu yol xüsusən də qış aylarında güclü qar yağması və sürüşmələrə görə tez-tez bağlanır və Ermənistandan Rusiyaya gedən yüklər uzun müddət sərhəddə qalmalı olur.

Gürcüstan rəsmiləri Yuxarı Larsa alternativ yolun çəkilməsi ilə bağlı məsələni nəzərdən keçirməyi planlaşdırmadığını bir neçə dəfə bildiriblər. Gürcü ekspertlər hesab edirlər ki, Gürcüstan Ermənistan üçün alternativ tranzit dəhlizi açmaq məsələsində Azərbaycanın maraqlarını nəzərə almalıdır.

Xəbər lenti