Xəzər Xəbər

İsveç Avropa İttifaqından yardım istəyir

Dünya | 12:12 • 19 İyul 2018
İsveç Avropa İttifaqından yardım istəyir

İsveçi cənginə alan anormal istilər ölkənin hər yerində meşə yanğınlarının tüğyan etməsinə səbəb olub. İş o yerə gəlib çatıb ki, ölkənin yanğınsöndürmə xidmətləri alovun öhdəsindən gələ bilmirlər.


AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, ölkədə quraqlıq və isti hava şəraiti hələ may ayından hökm sürür. Belə istilər bu Skandinaviya ölkəsi üçün səciyyəvi deyildir. Termometrin civə sütunu may ayından başlayaraq son 150 ildə rekord dərəcələrə yüksələrək, +30 və daha artıq isti göstərib. İsveçlilərin adət etmədiyi isti hava şəraiti aylıq yağıntının miqdarının azalması nəticəsində də problemlər mənbəyinə çevrilib.


Uzun sürən yağmursuz hava şəraiti meşə yanğınlarına əlverişli şərait yaradıb. Yanğınsöndürmə xidmətləri bildirirlər ki, yanğından daha çox zərər çəkmiş dörd region – Yevleborq, Yemtland, Dalarna və Helsinqland İsveçin mərkəzi hissəsində yerləşir. Bəzi bölgələrdə meşə yanğınları o dərəcədə şiddətlənib ki, hakimiyyət orqanları təhlükə zonasındakı bəzi şəhər və kəndlərin sakinlərini təxliyə etməli olub. Yerli KİV-lər yeni alışma ocaqları, şəhərlərarası yolların bağlanması haqqında xəbərlər yayırlar.


İtaliyaya məxsus yanğınsöndürən təyyarələr meşə yanğınlarına qarşı mübarizəyə kömək etmək üçün iyulun 18-də İsveçə gəlib. Norveç İsveçdə yanğınsöndürmə əməliyyatında iştirak edən altı təyyarəsinə əlavə iki təyyarə də qoşub.


İsveçin hakimiyyət orqanları etiraf edirlər ki, onlara əlavə yardım lazımdır. İsveç Fövqəladə Hallar Agentliyi yaranmış vəziyyəti ölkənin müasir tarixində meşə yanğınları ilə bağlı olan "ən ciddi vəziyyət” adlandırıb. Agentlik çoxlu sayda yanğınsöndürən ayırması üçün Aİ-nin Vətəndaşları Müdafiə Mexanizminə sorğular göndərib, habelə məzuniyyətdəki əməkdaşlarını geri çağırmağa başlayıb.


Yerli təcili yardım xidmətlərinin fasiləsiz işləməsinə baxmayaraq, vəziyyətə nəzarəti ələ keçirmək hələlik mümkün olmayıb.


Krallığın Baş naziri Stefan Löfven meşə yanğınlarına qarşı mübarizə aparan hər kəsə təşəkkür edərək bildirib. Bu gün o, zərər çəkmiş bölgələrin bəzilərinə səfər edəcək.

Xəbər lenti