Xəzər Xəbər

Yaponiya ilə Avropa İttifaqı arasında müqavilə imzalanıb

Dünya | 15:19 • 17 İyul 2018
Yaponiya ilə Avropa İttifaqı arasında müqavilə imzalanıb

İyulun 17-də Tokioda Yaponiya və Avropa İttifaqı arasında azad ticarət barədə müqavilə imzalanıb. Bu, dünya ÜDM-nin 30 faizini təşkil edən nəhəng iqtisadi blokun yaranmasına səbəb olacaq.


AZƏRTAC xəbər verir ki, müqavilənin imzalanması mərasimi Baş nazir Şinzo Abenin iqamətgahında, Avropa Şurasının sədri Donald Tuskun və Avropa Komissiyasının başçısı Jan Klod Yunkerin iştirakı ilə keçirilən sammitdən sonra baş tutub.


İmzalanan sənədə əsasən, Yaponiya Aİ-dən idxal edilən əmtəələrin, o cümlədən qida məhsullarının 94 faizinə rüsumları ləğv edəcək ki, bu da ölkə bazarına Avropadan gətirilən pendirin, şərabın və donuz ətinin qiymətlərini aşağı salacaq.


Avropa ölkələri də öz növbələrində, Yaponiyadan idxal edilən məhsullara, əsasən avtomobillərə və məişət elektronikasına gömrük rüsumlarını ləğv edəcək. Lakin bu, müqavilənin qüvvəyə minməsindən səkkiz və ya altı il sonra baş tutacaq. Müqavilənin gələn ilin martında, Böyük Britaniya Aİ-ni tərk etdikdən sonra ratifikasiya ediləcəyi gözlənilir.


Xatırladaq ki, tərəflər arasında azad ticarət barədə məsləhətləşmələr mexanizminin işə salınması barədə razılaşma 2011-ci ildə Brüsseldə əldə edilib. Danışıqların ilk raundu isə 2013-cü ilin aprelində baş tutub. Tokio daha çox yapon avtomobillərinə (10 faiz) və elektronikaya (14 faiz) görə qoyulan idxal rüsumlarının ləğvində maraqlıdır.


Mütəxəssislərin rəyinə görə, müqavilə Brüssel üçün də xeyirlidir. Belə ki, həmin sənəd qüvvəyə mindikdən sonra Yaponiyaya Avropa məhsullarının ixracı təqribən 30 faiz artacaq.


Əlavə olaraq bildirək ki, Yaponiya ilə Aİ arasında ticarət balanslaşdırılıb. Demək olar ki, qarşılıqlı idxal və ixrac təqribən 8 trilyon yen (26,7 milyard dollar) təşkil edir.

Xəbər lenti