Xəzər Xəbər

Vyanada ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları müzakirə edilir

Dünya | 16:27 • 16 İyul 2018
Vyanada ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları müzakirə edilir

İyulun 16-da Vyanada Avropa İttifaqı ölkələrinin iqtisadiyyat nazirləri Rəqabət Şurasının qeyri-rəsmi iclası keçirilib.


AZƏRTAC xəbər verir ki, Avropa İttifaqına sədrlik edən Avstriyanın təşkilatçılığı ilə keçirilən iclasda qurumun rəqəmsallaşma üzrə komissarı Andruş Ansip və sənaye komissarı Elzbieta Bienkovska iştirak edirlər.


"Avropa sənayesini yenidən düşünək” devizi altında keçirilən iclasda əsas müzakirə mövzu ABŞ ilə Avropa İttifaqı arasındakı ticarət münaqişəsi və Birləşmiş Ştatların tətbiq etdiyi əlavə gömrük rüsumlarına veriləcək cavab yollarının araşdırılmasıdır.


Avstriyanın iqtisadiyyat və rəqəmsallaşma naziri Marqarete Şrammbök iclasdan öncə mətbuata verdiyi açıqlamada bildirib ki, müasir dövrdə sürətlə inkişaf edən rəqəmsallaşma sayəsində Avropada dövrünü başa vurmuş sayılan bir sıra sənaye sahələrini yenidən canlandırmaq, onların istehsalını Avropada müasir texnologiyaların köməyi ilə bərpa etmək və yeni iş yerlərinin açılmasına nail olmaq mümkündür. İclasda Avropanın gələcək sənaye siyasətinin əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq və sentyabr ayında bu siyasətə dair sənəd üzv ölkələrin müzakirəsinə veriləcək.


ABŞ-ın bir çox ölkələrə, eləcə də Avropa ölkələrinə yaratdığı gömrük çətinliklərinə toxunan nazir qeyd edib ki, bu gedişat heç də müsbət inkişaf sayıla bilməz. Bu proses bütün iştirakçıları irəliyə deyil, geriyə aparır. Qarşı tərəfin əlavə gömrük qaydaları qəbul etməsinə baxmayaraq, biz körpü qurmaq istəyirik və ilk olaraq dostluq naminə əlimizi uzadırıq.


ABŞ-ı ticarət müharibəsi aparmaqdan çəkinməyə çağıran M.Şrammbök iqtisadi sahədə də düşmənliyin deyil, dostluğun vacibliyini vurğulayıb.

Xəbər lenti